Tovuz məhbuslarının yaxınları etiraz edir: "Bu zülmdür..."

Tovuz məhbuslarının yaxınları etiraz edir: "Bu zülmdür..."

3 məhbus 49 gündür aclıq aksiyası keçirir

Azərbaycan Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 218.2 (cinayətkar birlikdə, mütəşəkkil dəstələrin birliyində iştirak), 214-1 (terroru maliyyələşdirmə) maddələrilə ittiham edilən Tovuz məhbuslarının aprelin 20-də növbəti məhkəməsi keçirilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, artıq bir ildir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdən təqsirləndirilən şəxslərin yaxınları narazıdır.

11 nəfərin təmsil olunduğu qrupun "Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli) üzvlərindən 4 nəfər aclıq aksiyasına başlayıb. Lakin Əflatun Bayramovun mədəsi qanama verdiyi üçün aclığı saxlamalı olub. Babək Məmmədli, Amin Həsənov və Samir Qurbanov 49 gündür ki, aclıq aksiyasını davam etdirir.

Aprelin 20-də keçirilən məhkəmə iclasında aclıq edən təqsirləndirilənlər deyib ki, onların səhhətində ciddi problemlər yaranıb. İstintaq təcridxanasında həkimlərin onları nəzarətdə saxladıqlarını, ehtiyac duyularkən tibbi müdaxilə edildiyini vurğulayıblar. Əlavə ediblər ki, bu gecə də vəziyyətləri kəskin pisləşib və onlara təcili sistem köçürülüb.

Təqsirləndirilən şəxslər törətmədikləri cinayətdə ittiham edildikləri və məhkəmənin bu işi ədalətli araşdırmamasına etiraz olaraq, aclıq edirlər. Bundan əvvəl təqsirləndirilən şəxslər məhkəmə zalında etiraz olaraq, qollarını ülgüclə kəsmişdilər.

Qeyd edək ki, bu gün valideyinlər və vəkillər cinayət işinin materiallarında bəhs olunan Tural adlı şəxsin məhkəməyə gətirilməsi üçün vəsatət qaldırıblar. Müdafiəçilər bildirib ki, məhkəmə üzərinə düşən vəzifəni yerinə yetirib, cinayət işinin materiallarında təxribatçı kimi bəhs olunan Tural adlı şəxsin kimliyini müəyyənləşdirməsə də, vəkillər bu işin öhdəsindən gəlib. Müəyyənləşdirilib ki, Xaçmaz sakini Vəlibəyov İmran Rafiq oğludur. Vəkillər onun fotosunu da əldə edib. Müdafiə tərəfi bu materialları məhkəməyə təqdim edərək, onun dindirilməsini istəyib. Cinayət işində iddia olunur ki, təqsirləndirilən şəxslərin İŞİD-ə maliyyə yardımı göndərməsi və digər əməllərindən "Tural" da xəbərdar olub.

Prokuror vəkillərin vəsatətinə münasibət bildirmək üçün öncə vaxt istəyib. Bir qədər sonra gəlib deyib ki, vəsatətin təmin olunmasına ehtiyac yoxdur. Məhkəmənin qərarı da prokurorun mövqeyinə uyğun olub – vəsatət təmin edilməyib.

Daha sonra hakim Səbuhi Hüseynov məhkəmə istintaqının başa çatdığını elan edib. Aprelin 27-də keçiriləcək məhkəmə iclasında prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Məhkəmə iclasından sonra təqsirləndirilən şəxslərin ailə üzvləri əvvəlcə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında, daha sonra Prezident Administrasiyasının yaxınlığında etiraz aksiyası keçiriblər.

Aclıq aksiyası keçirən Babaək Məmmədlinin anası Babək Məmmədlinin anası Esmira Məmmədova ölkə başçısı İlham Əliyevə müraciət edib: "Ay İlham Əliyev, bizi niyə eşitmirsən, sənin təyin elədiyin məmurlar, hakimlər bizə, balalarımıza zülm eləyir. Mənim balam 50 gündür acdır. Sən prezidentsən axı, vətəndaşın dərdini dinləməlisən. Adama bu ittihamı verəndə maraqlanmazlar ki, bunlar özləri çörək tapırmı yeməyə, İŞİD-ə də yardım etsin?"