10 aydır Razi Hümmətovun ailəsi ilə görüşünə icazə verilmir

10 aydır Razi Hümmətovun ailəsi ilə görüşünə icazə verilmir

Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Razi Karrar oğlu Hümmətovun bu günə təyin edilən məhkəməsində media nümayəndələrinin və yaxınlarının iştirakına icazə verilməyib. Məhkəmə zalına Razi Hümmətovun qardaşı da buraxılmadı. Ailədən ancaq atası Karrar Hümmətovun iştirakına icazə verildi. Ümumiyyətlə məhkəmə zalına girməyə iki nəfərə icazə verildi. Təqsirləndirilən şəxsin atasına və hüquq müdafiəçisi Zəfər Əhmədova.   

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə Razi Hümmətovun tibbi-psixiatrik ekspertiza ilə bağlı nəticə açıqlanıb. Ekspertizanın rəyinə görə Razi Hümmətovun sağlamlığı normaldır. Bu məsələyə münasibət bildirən R.Hümmətov deyib ki, ekspertiza sənədi də rüşvətlə alınır. 

Razi Hümmətov bildirib ki, həbsindən 10 ay keçib və bu günə qədər onun ailə üzvləri ilə görüşünə icazə verilməyib. 

Nöbvəti proses 5 may saat 12:00-a təyin edilib.

Qeyd edək ki, illərdir ölkədə tüğyan edən narkomaniyaya qarşı mübarizə aparan Müsəlman Birliyi Hərəkatının üzvü, Abşeron rayonunun Ceyrənbatan qəsəbəsində yaşayan ictimai fəal Razi Hümbətov 2021-ci ilin iyulun 7-də oğurlanıb. Ailə üzvləri 4 gün axtardıqdan sonra onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanıldığını öyrəniblər.

Bakının Nərimanov rayon Məhkəməsi Hümbətov barəsində həbs qətimkan tədbiri seçib. Vəkili Cavad Cavadov həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsi Nərimanov məhkəməsinin verdiyi qərarı qüvvədə saxlayıb.

Razi Hümbətova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb.