Rəsul Quliyevin döydüyü 4 əsgər özünü öldürmək istəyib?

Rəsul Quliyevin döydüyü 4 əsgər özünü öldürmək istəyib?

 Gizirlə bağlı yeni detallar

Bir müddət öncə Müdafiə Nazirliyinin N saylı hərbi hissənin giziri Rəsul Quliyev Qubadlı Hərbi Prokurorluğunda zorakılığa məruz qalması ilə bağlı videomüraciət yayımlamışdı. Daha sonra R.Quliyev yeni bir video yayaraq ona zor tətbiq edilmədiyini, boynundakı qızartıların cücü dişləməsinə görə olduğunu bildirmişdi. Hərbi qulluqçu üçüncü videosunda isə yenidən təzyiqlərə məruz qaldığını deyib. O qeyd edib ki, buna görə şikayətini təkzib etməyə məcbur olub. Gizir əslində Qubadlı Hərbi Prokurorluğunda təhqir olunduğunu və 4 nəfər tərəfindən döyüldüyünü vurğulayıb. O, işin Bakı Şəhər Prokurorluğunda araşdırılmasını istəyib.

Gizir Rəsul Quliyevin barəsindəki cinayət işi ilə bağlı bəzi məqamları diqqətinizə çatdırırıq:

Belə ki, bu il sentyabrın 28-də Laçında yerləşən N saylı hərbi hissəsinin 4 əsgəri düşmənlə üzbəüz döyüş şəraitində avtomatı çənələrinə dirəyib özlərini öldürmək istəyiblər. Bu məlumat əsasında Qubadlı hərbi prokurorluğunda araşdırma başlayıb.

Bu zaman məlum olub ki, gizir Rəsul Quliyev tabeliyində xidmət aparan əsgərləri mütəmadi təhqir edərək onları döyüb. Buna görə də əsgərlər özlərini öldürmək istəyiblər. Məlumat əsasında gizir R.Quliyev barəsində cinayət işi başlanıb, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, R.Quliyev hamamda əl-üz yumaq üçün quraşdırılan qaba su doldurmadığı üçün əsgərlərdən birini təhqir edərək üzündən şillə ilə, başından və bədəninin digər nahiyələrindən yumruqla vurub. Daha sonra xəmirin üzərini sellofanla örtmədiyi üçün əsgəri döyərək mobil telefonu ilə başından vurub. R.Quliyev həmin əsgəri çörəyi çiy bişirdiyinə görə də təhqir edərək çənəsindən vurub. Səhhətində problem olan bir əsgər gizirə yaxınlaşaraq növbətçiliyi apara bilməyəcəyini dedikdə, o, əlindəki kitabla onun sifətindən vurub, kitelinin yaxasından tutaraq silah piramidasına çırpıb.

İttihama görə, gecə vaxtı yemək yediyi üçün əsgəri yumruqla vurub. Daha sonra əsgərə düzgün nəzarət etmədiyi üçün onun manqa komandirini təhqir edib. R.Quliyev manqa komandirinə dayaq məntəqəsinə gələn avtomobilləri nəzarətdə saxlatmasını, yüksək vəzifəli şəxslər gələrkən əvvəlcədən məlumatlandırmağı göstəriş verib. Manqa komandiri bunu bölüyün digər əsgərinə tapşırıb. Həmin əsgər tapşırığı lazımi şəkildə icra edə bilmədiyi üçün R.Quliyev hər iki əsgərin sifətindən vurub. Gizir manqa komandirinə bölüyün şəxsi heyətinin tez yuyunmasına nəzarət etməsini tapşırıb, bir müddət sonra şəxsi heyətin gec yuyunduğunu irad tutaraq onu təhqir edərək şillə vurub.

R.Quliyev manqa komandirinə odun kötüklərini qısa müddətdə daşıtdırıb bir yerə yığdırmasını göstəriş verib, lakin göstəriş vaxtında icra edilmədiyi üçün onu təhqir edərək şillə və yumruqla vurub beton divara çırpıb. Əsgər zərbənin təsirindən yerə yıxılıb, daha sonra gizir onu ayağa qaldırıb şillə və yumruqla yenidən vurub, odun kötüklərini təkbaşına yığmasını göstəriş verib.

R.Quliyev tərəfindən mütəmadi olaraq təhqir və zorakılıq hərəkətlərinə məruz qalmaları barədə əsgərlər yuxarı komandanlığa məlumat verib tədbir görülməsini xahiş etdikdə, gizir R.Quliyev buna görə onları hədələyərək hər xırda səhvlərinə görə barələrində raport yazıb cəzalandıracağını, onları həbs etdirəcəyini deyib.

Sentyabrın 27-də gecə saatlarında döyüş növbətçiliyi aparan əsgəri təyin edildiyi yerdə deyil, oradan bir qədər aralıda olduğunu aşkar edərək yuxarı komandanlığa məlumat verib, barəsində raport yazdığını deyib.

Əsgər gizir R.Quliyevin hərəkətlərindən təngə gələrək bir ədəd dolu vəziyyətdə avtomat silahı götürüb, çənəsinin altına dirəyib. Həmin vaxt digər 3 əsgər də eynilə silahı döyüş vəziyyətinə gətirib özlərini öldürmək üçün çənələrinin altına dirəyiblər.

Gizir onlara özlərini öldürəcəkləri halda ona heç kəsin heç nə etməyəcəyini, bir daha onları döysə də barələrində raport yazmayacağını, araşdırma təyin etdirməyəcəyini vəd edib. Bundan sonra həmin əsgərlər öz fikirlərindən daşınaraq silahları yerə qoyublar.

Təqsirləndirilən şəxslə 6 əsgər arasında üzləşdirmə keçirilib. Zərərçəkmiş şəxslər R.Quliyev tərəfindən zorakılığa və təhqirə məruz qaldıqlarını onun üzünə qarşı deyərək ifşa ediblər.

Bundan sonra R.Quliyev isə tibbi müayinədən keçən zaman Qubadlı Hərbi Prokurorluğunda ona qarşı zor tətbiq edildiyini deyib. Prokurorluqda ona yumruq və təpik zərbələri endirildiyini, onu boğub xəsarət yetirdiklərini göstərib. Lakin məhkəmə-tibbi ekspertizasının rəyi ilə bu təkzib edilib.

Cinayət işi üzrə istintaq davam etdirilir. (qafqazinfo)