Neftçalanın sabiq icra başçısına hökm oxundu

Neftçalanın sabiq icra başçısına hökm oxundu

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyevə hökm oxunub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə,  RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, RİH-nin ictimai- siyasi və humanitar məsələlər üzrə sabiq müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov və rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hökmə əsasən, sabiq icra başçısı İsmayıl Vəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 1959-cu ildə Gəncədə anadan olan İsmayıl Vəliyev işdən çıxarılanadək 9 il Neftçalanın icra başçısı olub. 1981-ci ildə Bakı Dövlət Universitetinin məzunu olan İ.Vəliyev vaxtı ilə Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri, Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin deputatı olub.

Müxtəlif vəzifələrdə çalışan İ.Vəliyev 1991-1992-ci illərdə "İlk Bank" səhmdar-kommersiya bankının idarə heyətinin sədri, "Mejbankovskoye Obedinenie” səhmdar bankında bank şurasının sədri vəzifələrində işləyib. O, 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində böyük məsləhətçi işləyib.

1995-ci ildə Dövlət Gömrük Komitəsində Gömrük nəzarətinin təşkili idarəsinin rəis müavini, daha sonra həmin idarədə rəisin birinci müavini, 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi, 21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.

1 iyun 2005-ci ildən 24 avqust 2005-ci il tarixədək "Petrogeoaz" MMC-nin baş direktoru olub. 2005-ci ildə isə ölkə Prezidentinin sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub. O, 6 ildən sonra Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib. O, bu postda hazırda Lənkəranın icra başçısı olan Taleh Qaraşovu əvəzləyib.

İsmayıl Vəliyev Azərbaycanın sabiq baş prokuroru İsmət Qayıbovun bacısı oğludur. Ailəlidir, 2 övladı var. Onun oğlu Məhərrəm Vəliyev Fövqaladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində rəis müavini vəzifəsində çalışır.