Nərminin nənəsi ziddiyyətli ifadə verdi

Nərminin nənəsi ziddiyyətli ifadə verdi

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

14 iyunda Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda iş üzrə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Prosesdə Nərmin Quliyevanın nənəsi Minayə İsmayılovanın istintaqa verdiyi ifadə elan olunub.

Bu zaman şahidin ifadəsi ilə Nərmin Quliyevanın atası Şərif Quliyevin ifadəsi arasında ziddiyyətlər olduğu məlum olub. Minayə İsmayılova ifadəsində bildirib ki, Nərmin itkin düşən gün axşam saat 19 radələrində nəvəsi Şəbnəm onlara gələrək bacısını soruşub. Nərminin atası Şərif Quliyev isə ifadəsində deyib ki, Nərmin yoxa çıxan gün axşam saat 22 radələrində qayınanasıgilə gedib.

İlkin Süleymanovun vəkilləri Minayə İsmayılovavanın məhkəmədə dindirilməsini istəyiblər. Məhkəmə bununla bağlı vəsatətə sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra baxılacağını elan edib.

Daha sonra cinayət işi üzrə məhkəmə araşdırmasının bir aylıq təxirə salındığı elan olunub. Bunun prosesə sədrlik edən hakimin məzuniyyətə çıxması ilə bağlı olduğu bildirilib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.