"Müdafiə Xətti" yeni hesabatını yaydı

"Müdafiə Xətti" yeni hesabatını yaydı

"Müdafiə Xətti" İnsan Haqları Təşkilatının 2022-ci ilin 06 iyun-12 iyun tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı BÜLLETENİ

06 iyun 2022-ci il. Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Abbas Hüseyn aclıq aksiyasına başlayıb. O, hüquq mühafizə orqanlarının inanclı şəxslərə işgəncə verməsinə, İslam müqəddəslərini təhqir etməsinə etiraz edir. Siyasi ağırlıqlı cinayət təqibinə məruz qalıb mühakimə olunan Cabbar Cabbarov, Polad Aslanov, Firudin Zeynalov, Seyfəddin Şirvanov da analoji tələblərlə aclıq aksiyasına qoşulub.

07 iyun 2022-ci il. Həbsdə olan VİP sədri Əli Əliyevin məhkəmə prosesinin qapalı keşirilməsi ilə bağlı məhkəmə qərar verib. Xüsusi ittihamçı vəsatət qaldırıb ki, şəxsi və ailə sirri araşdırılacaq, ona görə də açıq məhkəmə prosesinin keçirilməsi yolverilməzdir. Buna Əli Əıiyev etiraz edib, aclıq aksiyasına başladığını elan edib. Məhkəmə-linqvistik ekspertizasının keçirilməsinə dair qərar qəbul edilib, Əli Əliyevin xüsusi ittihama səbəb olan nitqində təhqir elementinin olub-olmamasına dair ekspert qarşısında sullar qoyulub.

Müdafiə tərəfi hakimə etiraz etsə də təmin olunmadı.

09 iyun 2022-ci il. Gözdən əlil bir qrup vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları nazirliyin onları mənzillə təmin etməməsindən şikayətləniblər.

10 iyun 2022-ci il. Yevlax Rayon Məhkəməsində hakim Toğrul Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hüquqşünas və ictimai fəal İlham Aslanoğlu (Təhməzov) 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə ittiham olunub. Aslanoğlu “Tərtər işi” üzrə hərbçilərə və mülki şəxslərə qarşı işgəncə faktlarını fəal şəkildə ictimailəşdirməklə tanınıb.

Vəkilin sözlərinə görə, Aslanoğlu Yeganə Ələkbərova adlı şəxsin aprelin 22-də xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasənda azadlıqdan məhrum edilib. Vəkilin sözlərinə görə, Yeganə Ələkbərova AzerFreedom TV internet kanalındakı canlı yayım zamanı təhqir edildiyini hesab edib və xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

12 iyun 2022-ci il. Naxçıvan Muxtar Respublikası Babək rayonu, Nehrəm qəsəbə sakini Vəfadar Eyvazov Babək Rayon Polis Şöbəsinə aparılıb. "Müdafiə Xətti"nə daxil olan məlumata görə polislər Vəfadar Eyvazovu sosial şəbəkədə yazdığı tənqidi statusa görə saxlayıblar. "Müdafiə Xətti"nin həmtəsisçisi Zaur Əkbər Babək RPŞ ilə əlaqə saxlayıb, narahatçılığını bildirib, V. Eyvazovun saxlanma səbəbi ilə maraqlanıb. Rayon polis şöbəsi V. Eyvazovu bir neçə saat saxladıqdan sonra sərbəst buraxıb.