Azadlığa çıxanlar Qarabağda quruculuq işlərinə cəlb ediləcək

Azadlığa çıxanlar Qarabağda quruculuq işlərinə cəlb ediləcək

Azadlığa çıxan məhbusların işğaldan azad olunmuş ərazilərdəki quruculuq işlərinə cəlb edilməsi gözlənilir.

Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, əfv cəmiyyətdə humanizm prinsiplərinə töhfə verir:

"Hesab edirəm ki, bu insanlar əzizlərinə, doğmalarına qovuşdular. Onların bir daha yolunun cəzaçəkmə müəssisələrindən keçməyəcəyinə ümid edirəm. Eyni zamanda, mən parlamentin İnsan Hüquqları Komitəsinə rəhbərlik edən biri kimi düşünürəm ki, gələcək dönəmdə bu şəxslərin işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə cəlb olunması üçün tədbirlər görə bilərik.

Fərqli bir plan, proqramlar işlənməkdədir. Onların içərisində bu insanların reabilitasiyası, cəmiyyətə qayıtması, onların üzərlərində hər hansı damğanın qalmaması üçün islah məqsədilə belə proqramlara ehtiyac var.

Cəmiyyətə inteqrasiya, insanlara yararlı olmaq məqsədilə biz bu istiqamətdə mövqelərimizi parlamentdə daha güclü səsləndirməliyik".

Komitə sədri deyib ki, quruculuq planında bu təbəqədən olan insanların daha fəal iştirakı üçün ayrıca plan və proqramlar olacaq.(modern.az)