Gəncə məhbusu ölüm ayağındadır: "Asif yarpaq kimi əsirdi, danışa bilmirdi"

Gəncə məhbusu ölüm ayağındadır: "Asif yarpaq kimi əsirdi, danışa bilmirdi"

Gəncə məhbusu Asif Cavadov 2022-ci ilin 15 mart tarixində Pentensiar Xidmətin Müalicə Mərkəzində babasildən əməliyyat olunub. O, hazırda Şəkildəki Cəzaçəkmə müəssisəsinin Müalicə Mərkəzində saxlanılır.

Bibisi Svetlana Cavadovanın Vetenugrunda.az-a verdiyi xəbərə görə, Asifin vəziyyəti çox ağırdır: "Aprelin 21-də Asiflə görüşdüm. Hələ də özümə gələ bilmirəm. Asif yoxdu, ölüm ayağındadır Asif. Yarpaq kimi əsirdi, danışa bilmirdi. Niyə öldürürlər atasiz-anasız balamı? Asif əməliyyat olunandan bu günə qədər böyük bayıra gedə bilmir. Həkimə deyəndə gəlib imalə edib gedir. Yəqin ki, əməliyyat düzgün keçirilməyib, bilmirəm nə olub. Bildiyim odur ki, Asifin ancaq quru nəfəsi qalıb".

Qeyd edək ki, Asif Cavadov Rusiyada doğulub. O, 3 yaşındaykən ata-anasını avtomobil qəzasında itirib. Rusiyada uşaq evinə verilən Asifi və bacısını Azərbaycana mərhum prezident Heydər Əliyev gətirdib. Heydər Əliyev Asifin nənəsinin ona ünvanladığı məktubu cavabsız qoymayıb. Asifi bibisi Svetlana böyüdüb. 

YADDAŞ

2019-30 sentyabr tarixində Sabunçu Rayon Məhkəməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədirliyi ilə keçirilən prosesdə Asif Cavadoun və digərlərinin təmsil olunduğu 8 nəfərlik qrupa hökm oxunub.

Qrupdan 4 nəfər - Şahin Verdiyev, Vüqar Yusifov, Emil Məmmədov və Elmir Hüseynzadə azadlığa buraxılıb. Onlardan üçünə şərti cəza verilib. V.Yusifovun isə həbsdə saxlandığı 1 il 2 ay 6 gün yetərli hesab edilib.

Hakim Dadaş İmanovun sədrliyi ilə çıxarılan hökmə əsasən, digər 4 nəfərə isə 5 ildən 15 ilə qədər cəza verilib. Bəkrəm Əliyev 15 il, Həbib Qurbanov 8 il, Mirzə Hüseynov və Asif Cavadovun hər biri isə 5 il azadlıqdan məhrum edilib.

Qrupda təmsil olunanlar CM-in 29.120 (qəsdən adam öldürməyə cəhd), 220.1 (kütləvi iğtişaşların təşkili), 228 (qanunsuz silah saxlama) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq etmə) maddələriylə ittiham edilmişdi. Onların 2018-ci il 10 iyulda Gəncə icra hakmiyyətinin qarşısında baş tutan etiraz aksiyasından sonra həbs ediliblər.

Vetenugrunda.az