Aeroport yolunda ağır qəza 5 nəfər ölüb, 21 nəfər yaralanıb

Aeroport yolunda ağır qəza 5 nəfər ölüb, 21 nəfər yaralanıb

Bu gün səhər saatlarında aeroport yolunda baş verən ağır qəza ilə bağlı cinayət işi açılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.

Belə ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər ölüb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının saat 9-da yaydığı məlumata görə, hadisə zamanı 21 nəfər xəsarət alıb. Onlardan 11-i kişi, 10-u qadındır. Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib. Ölənlərin kimliyi haqda hələlik məlumat verilmir. İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.