3 qat dünya çempionu Elnur Alıyevin qatili niyə həbs edilmədi?

3 qat dünya çempionu Elnur Alıyevin qatili niyə həbs edilmədi?

Hadisə 2019-cu ilin 15 iyununda saat 23 radələrində Gəncə şəhərində Heydər Əliyev prospektində yerləşən "Miraj cay evi"ndə baş verib.

Vetenugrunda.az-a verilən xəbərə görə, 3 qat dünya çempionu, 15 dəfə Azərbaycan çempionu Alıyev Elnur İlqar oğlu ona məxsus olan avtomobili yudurtmaq üçün "Miraj çay evi"nin birinci mərtəbəsində yerləşən avtoyumada işləyən Turala müraciət edib. Tural maşını yuduqdan sonra 10 manat pul istəyib arada yaranmış ani anlaşılmazlıq yoluna qoyulsa da çay evinin sahibi Emil Elxan oğlu Məmmədov və onun dostları Elnura hücum ediblər.

Məhkəmə qərarında deyilir ki, Emil Məmmədov Elnuru döş qəfəsindən bıçaqllayaraq öldürüb. Elnurun döyüş sənəti ilə məşğul olması, üstəlik, bu sahədə dünyda yer tutması sübut edir ki, o, fiziki cəhətdən çox güclü olub. Necə olur ki, belə güclü bir döyüşçünü ortaboylu, fiziki cəhətdən heç bir üstünlüyü olmayan Emil Məmmədov təkbaşına öldürüb? Emil Məmmədov məhkəməyə verdiyi ifadənin isə heç bir məntiqi əsası yoxdur: "Elnur mənim bu sözümdən sonra maşından bıçaq götürüb qolumdan vurdu. Özümü müdafiə etmək üçün onun qolunu qatlayaraq elə öz əlində olan bıçaqla onu vurdum. Sonra orada olanlardan Elnuru xəstəxanaya aparmalarını xahiş etdim. Yaralı olduğum üçün xəstəxanaya apardılar. Daha sonra eşitdim ki, Elnur ölüb".

Məntiqlə düşünsək Elnur Emilin iddia etdiyi kimi əgər bıçaqla hücuma keçmişdisə necə oldu ki, dünyada qolunun gücünü göstərən Elnurun qolunu Emil qatlayıb və bıçağı əlindən alıb? Məntiqi sualların cavabı isə budur: Emil Məmmədov fiziki cəhətdən ondan qat-qat üstün olan Elnuru tək öldürməyib.

Elnurun atası, idman ustası, Azərbaycana onlarla dünya çempionu qazandıran İlqar Alıyev deyir ki, Emil tək olmayıb. Onlar 4-5 nəfər olublar. Bu isə çay evinin ikinci kamerasında aydın görünür. Lakin hadisə baş verən yeri çəkən birinci kamera oğurlanıb. Bunu kim edib?

"İkinci kameradakı görüntüdən də görünür ki, Elnuru "Maqa" ləqəbli Mahmud Qurbanov arxadan, başından vurur. Mahmud Qurbanov Elnurun başına arxadan dəmirlə vurur. Elnur bu zərbədən sonra yerə çökür. Elnur yıxılanda Emil onu ürəyindən bıçaqla vurur. Elnurun başının arxasındakı yara ilə bağlı istintaqda söz açılmır. Biz soruşanda dedilər ki, Elnurun başının arxasındakı yaranı analiz götürmək üçün ekspertizada açıblar. Əgər ekspertizada açmışdılarsa o zaman niyə başının tükü qırxılmamışdı, niyə həkim açdığı yeri tikməmişdi? Bu sadəcə zərbənin yeri idi. Amma oğlumun iki qatilindən biri olan Mahmud Qurbanovu məhkəməyə şahid qismində dəvət etdilər. İstintaq işi prt basdır etdi. Məhkəmə prosesləri çox ədalətsiz şəkildə keçirilirdi"? 

Suallar çoxdur. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədirliyi ilə keçirilən prosesdə Emil Məmmədov bu cinayətə görə 12 il həbs cəzası alır. 

Azərbaycan bayrağını dünyada dalğalandıran, himnimizi səsləndirən Elnur Alıyevin qətlinin düzgün şəkildə araşdırılmaması, məhkəmədə düzgün qiymət verilməməsi ailəni çox narahat edir.

İlqar Alıyev işin düzgün həllini tapması üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Qeyd edək Elnur Alıyevin işi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə proses yanvarın 25-də saat 16.00 -da başlayacaq. Məhkəmə açıqdır.