12 ildir tapılmayan Laura ilə bağlı DİN-dən açıqlama 

12 ildir tapılmayan Laura ilə bağlı DİN-dən açıqlama 

Xəbər verdiyimiz kimi, jurnalist Elnarə Məmmədova feysbuk hesabında 12 il öncə Azərbaycanda itkin düşən qız barədə paylaşım edib. O bildirib ki, Laura adlı sözügedən şəxs onun xalası nəvəsidir və 15-16 yaşlarında Şəmkirin Dəllər Cəyir kəndində itkin düşüb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan Yeniavaz.com-a bildirilib ki, Lauranın axtarışı üçün müvafiq araşdırmalar davam etdirilir:

"2010 cu ilin iyul ayının 24-də Şəmkir rayon Dəllər Cəyir qəsəbə sakini Gülöyşə Bağırova ərizə ilə Şəmkir rayon Polis Şöbəsinə müraciət edərək nəvəsi Bağırova Lauranın həmin ilin iyul ayının 14-də yaşadığı evi tərk etməsi və bir daha geri dönməməsi barədə məlumat verib. Məlumat ilə əlaqədar Şəmkir rayon Polis Şöbəsində müvafiq axtarış tədbirləri başlanıb.

Müəyyən şəxslər dindirilib, itkin düşən şəxsi sonuncu görənin ifadəsi əsasında Bakı və Sumqayıt şəhərlərində də axtarış tədbirləri davam etdirilib. Aparılan əməliyyat-axtarış tədbirlərinə baxmayaraq onun tapılması mümkün olmayıb. Hazırda həmin şəxsin axtarışı üçün müvafiq araşdırmalar davam etdirilir".

Qeyd edək ki, E. Məmmədovanın sözlərinə görə, xalası dünyasını dəyişənə kimi hər zaman Lauranın axtarışında olub:

"Xalam illər əvvəl Laura deyə-deyə öldü. Nə DİN, nə Şəmkir polisi barmağını qaldırdı o qızı tapmaq üçün. Bunu niyə yazıram? Jurnalist Aytənin (bir neçə gün öncə hücuma məruz qalan jurnalist Aytən Məmmədova - red.) boğazına bıçaq dirəyib uşağıyla hədələyiblər ki, xalamın Şəmkirdə itkin düşən qız nəvəsi kimi Tovuzda yoxa çıxan balaca Nərminin məhkəməsindən yazmasın.

Sizi bilmirəm, amma əminəm ki, Lauranın itməsini ört-basdır edənlər Tovuzdakı qızın da axırına çıxıblar. Və bu ört-basdırı edənlər mənim, sənin, Nərmin, Laura kimi balaca adamlar deyil".