Tofiq Yaqublu onuncu gündür aclığı davam etdirir

Tofiq Yaqublu onuncu gündür aclığı davam etdirir
Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu onuncu gündür aclığı davam etdirir. Bu barədə onun qızı Nigar Həzi bildirib. Nigar Həzi atasının səhhəttindən narahatdır. O sentyabrın 10-da 3 saylı Bakı İstintaq Təcridxanasında atası ilə görüşüb. “Atamın səhhəti yaxşı deyil. Görüşə güclə gəldi. Başı gicəllənirdi, görüşə səndəlləyə-səndəlləyə gəldi. Vizual gördüm ki, o, divardan tuta-tuta yeriyir. Çox zəifləyib, çəki itirib,” o dünən görüşdən sonra Amerikanın Səsinə deyib. Nigar Həzi vəkillərin hazırda apellyasiya şikayətlərinin qəbul edilib-edilməməsi barədə məlumat öyrənmək üçün Bakı Apellyasiya Məhkəməsində olduqlarını deyib. Onun szölərinə görə, aopellyasiya şikayətinə nə vaxt baxılacağı barədə hələ məlumat verilmir. Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb. Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb. İstintaq materiallarında bildirilir ki, Yaqublu vintaçanla digər avtomobilin sürücüsünə xəsarət yetirib. Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı bildirib. Vəkil Aqil Layıcov bu gün facebook statusunda Nizami rayon Məhkəməsinin 3 sentyabr hökmündən maraqlı bir sitat dərc edib. “Avtomobil və mobil telefon Tofiq Yaqublunun ailə üzvlərinə qaytarılsın. Tofiq Yaqubluya “məxsus” vintaçan məhv edilsin. Məsələ burasındadır ki, mülkiyyət hüququ ilə Tofiq bəyə aid maşın və telefona dair hissədə məhkəmə “Tofiq Yaqubluya məxsus” ifadəsi yazmır, amma ora atılmış vintaçana nisbətdə “ona məxsus ifadəsi” yazır. Məhkəmə və istintaq zamanı vəkil Elçin Saadıqov dəfələrlə vəsatət verib ki, vintaçanın üzərində olan barmaq izləri götürülərək müəyyən edilsin ki, həqiqətən də Tofiq bəyin barmaq izləri vintaçan üzərində olubmu. Təmin edilmir, bunu məhkəmə və istintaq bilir ki, oradan başqa barmaq izləri çıxacaq. Maraqlıdır ki, məhkəmə vintaçanın Tofiq Yaqunluya məxsus olmasını necə müəyyən edib?!” vəkil qeyd edir. Tofiq Yaqublunun akiyasına dəstək məqsədi ilə dörd nəfər müxcalifət fəalı Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirir. Həmin fəalların da səhhətlərində problemlər yaranıb. Aksiyada iştirak edən Müsavat Partiyasının fəalı Elman Quliyev Amerikanın Səsinə bildirib ki, özünün və digər aksiya iştirakçılarının səhhətlərində problemlər dərinləşməkdədir. “Dünən təsili tibbi yardım həkimləri bizi müayinə etdi. Qan təzyiqimiz 100-70, 90-60-dir. Taqətimiz qalmayıb, baş gicəllənmələri, ürək tutmaları olur,” Quliyev qeyd edib. O aclıq aksiyasının Tofiq Yaqublu aclığı dayandıranadək davam etdirləcəyini deyib. Xatırladaq ki, AXCP fəalları Tofiq Məmmədov, Elnur Həsənov 10-cu gündür, Ayət İsmayıl 9-cu gündür, Elman Quliyev isə 6-cı gündür aclıq edir. Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib.(amerikanın səsinə )