Nəşriyyat dərslikdəki "20 Yanvar" məsələsinə reaksiya verib

Nəşriyyat dərslikdəki "20 Yanvar" məsələsinə reaksiya verib

Orta məktəblərin rus bölməsi üçün yazılmış 4-cü sinif "Rus dili" dərsliyində 20 Yanvar faciəsi ilə bağlı təhrifə yol verilməsi məsələsinə aydınlıq gətirilib. Bu barədə "Şərq-Qərb" nəşriyyatından apa-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır və bir neçə mərhələdə ekspertizadan keçir: "Bu zaman dərsliyə mütəxəssislər, müvafiq elmi-pedaqoji qurumlar rəy verir. Həmçinin dərslik layihələri ictimaiyyətin müzakirəsi üçün www.trims.edu.az saytında yerləşdirilir. Ümumi təhsil müəssisələrinin tədrisi rus dilində aparılan 4-cü sinifləri üçün "Rus dili" dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən (səh.105) mətndə tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişiklik edilməsini zəruri edir.

Bildiririk ki, 2019-cu ildə hazırlanmış bu dərsliyin elektron variantında düzəliş edilərək www.trims.edu.az saytında yerləşdirilib. 20 Yanvar faciəsi Azərbaycanın milli qürur və qəhrəmanlıq səhifəsidir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu ehtiramla anır, onları hörmətlə yad edirik".(apa)