Münaqişəsində ölənlərin sayı 31-ə çatdı-Prezidentlər müzakirəyə başladı

Münaqişəsində ölənlərin sayı 31-ə çatdı-Prezidentlər müzakirəyə başladı

Tacikistanla sərhəddəki silahlı münaqişə nəticəsində Qırğızıstanın 31 vətəndaşı həlak olub.

Bakı vaxtı ilə saat 16:00-a olan məlumata görə, xəsarət alanların ümumi sayı 154 nəfərə çatıb.

Bunu Qırğızıstanın səhiyyə və sosial inkişaf nazirinin birinci müavini Aliza Soltonbekova aprelin 30-da keçirilən brifinqdə bildirib.

43 yaralı təyyarə ilə Bişkekdəki tibb müəssisələrinə çatdırılıb. İki yaralının vəziyyəti ağırdır.

Ancaq Tacikistan ölən və yaralananların sayını rəsmi formada açıqlamayıb. Ölkənin İsfara şəhərinin İcra Hakimiyyətindəki mənbə "Asiya-Plus" agentliyinə bildirib ki, silahlı toqquşmalarda təxminən 10 qırğız ölüb, 90 nəfər yaralanıb. Tacikistanın rəsmi qurumları məsələylə bağlı açıqlama verməyib.

Vəziyyət sərt şəkil aldıqdan sonra Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistanın dövlət başçısı Emoməli Rəhmon iki ölkə sərhədindəki münaqişənin sülh yolu ilə həll edilməsi barədə razılığa gəliblər.

İki prezident arasında telefon danışığı zamanı ölkələrin ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında yaxşı qonşuluq ruhunda konstruktiv dialoq baş tutub. Bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb: "Prezidentlər dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində gərginliyin mümkün qədər tez aradan qaldırılması üçün tədbirləri müzakirə ediblər. Onlar mövcud vəziyyətin yalnız sülh yolu ilə həll edilməsi, bu ilin may ayının ikinci yarısında Düşənbədə üz-üzə görüş barədə razılığa gəliblər"