"Əl-Cəzirə"nin müxbirini güllələyib öldürdülər - VİDEO

"Əl-Cəzirə" telekanalının 51 yaşlı müxbiri Şirin Abu Akle İordan çayının Qərb sahilində İsrail əsgərlərinin açdığı atəşlə qətlə yetirilib.

Məlumatı "Əl-Cəzirə" telekanalı yayıb. "Əl-Cəzirə" qeyd edib ki, müxbir atəşə məruz qaldığı zaman üzərində "Press" yazısı olan jilet olub. Beynəlxalq qanunlarda "Press" yazısı olan jiletlilər və həkimlər toxunulmazdır.

Telekanal müxbirin İsrail hərbi qulluqçuları tərəfindən atəşə tutulduğunu iddia edib.

Bildirilir ki, hadisə nəticəsində daha bir jurnalist - Ali as-Samudi də yaralanıb. Onun vəziyyəti sabit olaraq qiymətləndirilir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Şirin Abu Akle İordan çayının Qərb sahilindəki Cenin qaçqın düşərgəsində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmanı çəkərkən İsrail əsgərləri tərəfindən avtomatla başından güllələnib. Telekanal bildirib ki, Şirin başından aldığı güllə yarasından dünyasını dəyişib. Odlu silah isə İsrail əsgərlərində olub. Ev-eşiyindən didərgin salınan, düşərgədə yerləşdirilən və hər həftə İsrail silahlıları tərəfindən axtarış aparılan düşərgədəki fələstinlilərdə odlu silah olmayıb, onlar əliyalın olub.

İsrail ordusu isə "Twitter"də məlumat yayıb ki, jurnalistlərin Fələstin silahlılarının açdığı atəş nəticəsində yaralanması ehtimalı araşdırılır.

Qeyd edək ki, Şirin Qüdsdə doğulmuş xristiandır.