İlham Əliyev: "İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir"

İlham Əliyev: "İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir"

 Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak edən prezidentlərin görüşü olub. Prezident İlham Əliyevin İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

Bu barədə məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.

İlham Əliyev görüş zamanı deyib: "İran İslam Respublikası ilə əlaqələrə biz çox böyük önəm veririk. Bizim xalqlarımız qardaş xalqlardır. Əsrlər boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdi".

İranın Prezidenti Seyid İbrahim Rəisi görüş zamanı ölkəsinin Qarabağ müharibəsinə münasibətindən danışıb: "Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır".

İlham Əliyev Seyid İbrahim Rəisi ilə görüşündən sonra jurnalistlərə açıqlama verib: "Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək.

Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir".

İbrahim Rəisi eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. 

İbrahim Rəisinin "İran ilə Türkiyə və Azərbaycanın əlaqələrinə zərər vurulmasına imkan verməməliyik" fikri qonşuluq prinsipinə və islam dünyasına müsbət münasibətini ifadə edi: 

"İran ilə Türkiyə və Azərbaycanın əlaqələrinə zərər vurulmasına imkan verməməliyik. Bu üç qonşu ölkə tarixi, mədəni, dini və coğrafi baxımdan biri-birinə bağlıdır"

Bildirib ki, İran həm Türkiyə, həm də Azərbaycan ilə geniş iqtisadi əlaqələrə malikdir və bu əlaqələrin inkişafı xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir. İran qonşu dövlətlərlə bütün sahələrdə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək niyyətindədir. Qonşu dövlətlərlə münasibətlərin inkişafı İranın xarici siyasət kursunun prioritet istiqamətidir.

İran prezidenti onu da qeyd edib ki, regionda PKK, İŞİD kimi terror təşkilatlarının fəallaşmasına imkan vermək olmaz və bu mübarizədə birlikdə çıxış etmək daha səmərəli olar.

İbrahim Rəisi onu da vurğulayıb ki, regiondakı problemləri region dövlətləri həll etmək iqtidarına malikdirlər.