Hökumət Nəsibovlara 17100 avro təzminat ödəməlidir

Hökumət Nəsibovlara 17100 avro  təzminat ödəməlidir

 Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyulun 30-da Azərbaycandan göndərilmiş 2 şikayət üzrə yekun qərarlarını elan edib.

Məhkəmə Naxçıvanda fəaliyyət göstərən, daha sonra Azərbaycandan mühacirət etmək zorunda qalan jurnalist Məlahət Nəsibovanın işində tərəflərin dostca anlaşmasını qəbul edib, hökumət mühacir jurnalistə və onun həyat yoldaşı İlqar Nəsibova təzminat ödəməlidir.

M.Nəsibovanın işi 2008-ci ildə onun mənzilində və həmsdəri olduğu QHT-lərin İnkişafı və Demokratiya Resurs Mərkəzinin ofisində axtarış aparılması ilə bağlı idi. Həmin axtarışlar M.Nəsibovanın jurnalist həyat yoldaşı İlqar Nəsibova cinayət işi açılmasından qaynaqlanırdı.

İş üzrə kommunikasiyanın gedişində həm Məlahət Nəsibova, həm də həyat yoldaşı İlqar Nəsibov dostca anlaşmaya razılıqlarını ifadə ediblər. Anlaşmanı nəzərə alan məhkəmə Nəsibovların ərizələrini baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.

Qərara əsasən, hökumət xanım Nəsibovaya ümumilikdə 5500, onun həyat yoldaşı İlqar Nəsibova isə 11600 avro təzminat ödəyəcək.

Məlahət Nəsibova AİHM-ə 2009-cu ildə şikayət etmişdi. O, Konvensiyanın 6-cı, 8-ci, 10-cu və 13-cü maddələriinin pozuntusuna məruz qaldığını iddia edirdi.

Qərardadın mətni: Azərbaycanca (tezliklə əlçatan olacaq) Qərardadın mətni: İngiliscə

İsayev Azərbaycana və Ukraynaya qarşı

AİHM-in elan etdiyi digər qərar Isayev Azərbaycana və Ukrayanaya qarşı işi üzrədir. Bu iş üzrə AİHM-ə bu il şikayət edilmişdi.

Bu işdə Ukraynadan Azərbaycana verilmiş ərizəçi işgəncəyə məruz qalmamaq və azadlıq hüququnun pozuntusundan şikayət etmişdi. O, Məhkəmə reqlamentinin 39-cu qaydasına uyğun olaraq müvəqqəti məcburiyyət tədbiri tələb etmiş, ancaq tələbi təmin olunmamışdı. Məhkəmə İsayevin vəkillərinə martin 31-dək tam şikayəti təqdim etməsini istəmişdi.

Ancaq göstərilən müddət ərzində ərizəçinin vəkilləri tam ərizə təqdim etməyiblər. Apreldə isə İsayev ərizəsini geri götürmək istədiyini AİHM-ə bildirib. Qeyd edib ki, vəkilinə şikayət etmək səlahiyyəti verməyibmiş.

Bunu nəzərə alan AİHM Elvin İsayevin ərizəsini baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.