Gəncə məhbusu təcridxanada vəfat edib

Gəncə məhbusu təcridxanada vəfat edib

Gəncə məhbusu Qurbanov Müşfiq Cümşüd oğlu noyabarın 30-da gecə saatlarında təcridxanada vəfat edib. Bu barədə Vetenugrunda.az-a yaxınları məlumat verib.

Penitensiar Xidmətdən məhkumun ürək tutmasından vəfat etdiyi bildirilib.

 Yaxınları deyir ki, M.Qurbanov əsəbləri qaydasında deyildi və o, hər gün sakitləşdirici qəbul edirdi. Yaxınları onun ölümünün səbəbini dəqiqləşdirilməsini istəyirlər: "Deyirlər ki, infarkt keçirib, həyatını xilas etməyə çalışsalar da, mümkün olmayıb. Günahsız bir adamı tutub həbsxanaya salanda buna ürəyi davam gətirə bilərdi?". Digər bir qohumu isə Müşfiq Qurbanovun ürək tutmasından ölməsi haqqında deyilənləri qəbul etmir. 

Müşfiq Qurbanov 2018-ci ilin iyulun 15-də Gəncə işi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin qərarı ilə beynəlxalq axtarışa verilib. O, 2018-ci ildə baş vermiş Gəncə hadisələr zamanı qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd və s. əməllərdə ittiham olunur.

Müşfiq Qurbanov 2018-ci ilin oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılan yanvarın 17-də Bakıya gətirilib.

42 yaşlı M.Qurbanov Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə həbs olunanlardan idi. Onun Elmar Vəliyevə sui qəsd edən Yunis Səfərovla dost olduğunu desılır dı hər iki şəxs əslində bir-biri ilə heç bir əlaqəsi olmadığını iddia edib. 

Anası Anisa xanım vetenugrunda.az-a bildirib ki, oğlu işləmək üçün2017-ci ilin fevralında Rusiyaya gedib. 2018-ci ilin oktyabr ayında isə Moskvada yaşadığı evin qarşısında tutulub: "Uşaqlarının gözünün qabağında mülki geyimli polislər oğlumu tutub maşına basıblar. Səbəbini bilmədiyinə görə ailəsi çox qorxub. M.Qurbanovu polislər aparandan 5 saat sonra evə zəng edərək bildirib ki, Gəncə olaylarına görə həbs edilib. Oğlum ümumiyyətlə, Yunus Səfərovu tanımırmış."

M.Qurbanov icra başçısına qarşı sui-qəsddə suçlanan Yunis Səfərov və digərləri ilə əlbirlikdə ittiham olunsa da, onun işinə ayrıca baxılırdı. O, 2018-ci ilin oktyabrında Moskvada tutulsa da, uzun müddət Rusiya məhkəməsi onun Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə qərar çıxarmadı. 2020-ci ilin yanvarında o, Bakıya gətirildi.

M.Qurbanovun Bakıya gətirilməsi haqqında ona və yaxlınlarına xəbər verilməyib. Moskva təcridxanasında bir il üç ay saxlanılıb. Bu müddətdə iki dəfə ailəsi ilə telefon əlaqəsi olub. Saxlanıldığı müddətdə Müşfiqin barəsində heç bir istintaq aparılmayıb: "Məhkəmə əvvəl onun haqqında bir aylıq həbs qərarı verib. Sonra müddət daha beş ay artırılıb ki, bu müddətdə onun təhvil verilməsi üçün kifayət qədər sübutlar təqdim olunsun. 2019-cu ilin aprel ayında müddət bitib və Moskva məhkəməsi təqdim edilən sənədləri yetərli saymayıb. Lakin vəkil oğlumun həbsdən buraxılması barədə vəsatət versə də, məhkəmə vəsatəti təmin etməyib. Qərar verilib ki, saxlanma müddəti daha altı ay uzadılsın".

Anisa Qurbanova daha sonra bildirdi ki, oğlu 16 yaşından psixi xəstəliklərdən və epilepsiyadan müalicə alıb. Oğlu Gəncədə psixoloji dispanserdə qeydiyyatda olub. Axtarış veriləndə dispanserə sorğu göndərilib. Dispanserdən qeydiyyatda olması haqqında arayış verilib

Müşfiq Qurbanov 16 yaşında saxlanılıb və polis idarəsində gördüyü şiddət nəticəsində onda psixi xəstəlik və epilepsiya halları yaranıb.

Xatırladaq ki, Sabunçu Rayon Məhkəməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Müşfiq Qurbanov və Yusif Sadıqovun işinə baxılırdı. Növbəti məhkəmə  dekabrın 4-nə təyin edilib.

Bu prosesə Yunis Səfərovun gətiriləcəyi barədə məhkəmə xəbərdarlıq etmişdi. 

Müşfiq Qurbanov 1978-ci il 20 yanvar tarixində Göygöl rayonunun Toğana kəndində anadan olub.

P.S

Qeyd edək ki, Gəncə işi ilə bağlı həbs edilən Aydın Qurbanov və Eşqin Quliyev Pentensiar Xidmətin Müalicə Mərkəzindən vəfat edib. Aydın Quliyev mədə xərçəngindən əziyyət çəkirdi. Yaxınlarının dediyinə görə, ona istintaq zamanı verilən işgəncələr bu xəstəliyi daha da şiddətləndirib. 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmədə 20 il müddətinə azadlıqdan məhrum edilən hepatit xəstəsi Eşqin Quliyev hökmdən az sonra dünyasını dəyişdi.