Fuad Qəhrəmanlı dustaqlardan ayrı saxlanılır, Məmməd İbrahim sübut istəyir

Fuad Qəhrəmanlı dustaqlardan ayrı saxlanılır, Məmməd İbrahim sübut istəyir
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin həbsdə olan üzvləri Fuad Qəhrəmanlı və Məmməd İbrahim ev dustaqlığına buraxılmaq üçün məhkəməyə müraciət edib. Sentyabrın 18-də Nəsimi rayon Məhkəməsində onların vəkillərinin bu barədə vəsatətlərinə baxılıb. Onların işlərinə ayrı-ayrılıqda baxılıb, amma hər ikisi öz məhkəməsində iştirak edib. F.Qəhrəmanlı Nəsimi rayon Məhkəməsində dustaqların saxlandığı gözləmə otağında digərləri ilə birlikdə yox, ayrıca otaqda saxlanılıb. O, Bakı İstintaq Təcridxanasından məhkəməyə də ayrı gətirilib. F.Qəhrəmanlıya dövlət hesabına təyin edilmiş vəkil Araz Həsənov onun ayrı saxlanması barədə sualı şərh etmək istəməyib, bu məsələnin onun səlahiyyətinə aid olmadığını bildirib. Vəkil F.Qəhrəmanlının səhhətində problem olmadığını da deyib: “Məhkəmədə fikrini sərbəst izah elədi. Məhkəmə vəsatəti təmin etmədi. Apellyasiya şikayəti verəcəyik”. “Sözlə yazmaq asandır, sübut olunsun” M.İbrahimin məhkəməsi barədə AzadlıqRadiosuna oğlu Turan İbrahim məlumat verərək bildirib ki, artıq istintaq başa çatıb, onun barəsində həbs-qətimkan tədbirinin davam etməsi üçün əsas yoxdur: “Həbs-qətimkan tədbiri seçilməsinin əsas məqsədi odur ki, şəxs istintaqdan yayına bilər, istintaqa təsir göstərə bilər. Amma bu işdə istintaq bitib”. Orduya dəstək yürüşü keçiriləndə atasının evdə olduğunu deyən T.İbrahimin sözlərinə görə, M.İbrahim həbsdə saxlandığı iki aya yaxın müddətdə onunla heç bir istintaq hərəkəti aparılmayıb. Həbs olunanda dindiriləndən başqa nə dindirmə olub, nə kiminləsə üzləşdirilib: “İddia edirlər ki, guya yürüşdə baş verənləri evdən telefonla, “Messenger”, “Whatsapp” proqramları vasitəsilə evdən idarə edib. Vəkil də istintaqda vəsatət verib ki, telefon zəngləri, digər proqramlarla yazışmaları araşdırılsın. Ortaya sübut qoyulsun ki, həqiqətən evdən idarə eləyib, göstərişlər verib. Sözlə yazmaq asandır, sübut olunsun. Vəsatəti təmin edib, ortaya sübut qoymayıblar”. M.İbrahimin də ev dustaqlığına buraxılması barədə vəsatət təmin olunmayıb. Onun haqqında qərardan da apellyasiya şikayəti veriləcək. Orduya dəstək yürüşündən sonra həbs olunan AXCP Rəyasət Heyətinin daha bir üzvü Asif Yusiflinin şikayətinə isə sentyabrın 18-də Nərimanov rayon Məhkəməsində baxılıb. A.Yusiflinin vəkili onun evindəki axtarışla əlaqədar məhkəməyə şikayət verib. Ailə üzvləri bildirib ki, A.Yusiflinin həbsindən bir müddət sonra evlərində axtarış aparılsa da, onlara buna icazə verən məhkəmə qərarı göstərilməyib: “Evdən kompüter və Asifin telefonunu götürüb aparıblar. Bu haqda protokol da tərtib eləmədilər, nə götürdüklərini sənədləşdirmədilər”. Məhkəməyə şikayətdə prokurorluq əməkdaşlarının bu addımı Avropa Konvensiyasının 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) maddəsinin pozuntusu kimi qiymətləndirilib. Məhkəmədən də bu pozuntunun tanınması istənilib. (azadlıq radiosu)