Emin Saqıyev 24 gündən sonra aclığı dayandırıb

Emin Saqıyev 24 gündən sonra aclığı dayandırıb
Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Emin Saqiyev 24 gün aclıq etdikdən sonra bu gün, sentyabrın 11-də vəkili Bəhruz Bayramovla görüşündən sonra aclığı dayandırıb. Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib ki, Emin Saqıyev onun təkidli xahişlərindən sonra aclığı müvəqqəti dayandəırb. “Bu gün 6 saylı Cəzaçəkmə Müəssisəsində Emin Saqıyevlə görüşdüm. Sabah Ali Məhkəmənin qərarından Ali Məhkəmənin Plenumuna şikayət verəcəm. Eyni zamanda, Saqıyevin əfv edilməsi üçün ailə üzvləri və mən əfv komissiasına mnüraciət edəcəyik,” vəkil qeyd edib. Bayramovun sözlərinə görə, Emin Saqıyev çox zəifdir, çəki itirib, danışmaqda çətinlik çəkir. Emin Saqıyev avqustun 18-də Ali Məhkəmə onun bəraətlə bağlı kassasiya şikaəytini təmin etmədikdən sonra məhkəmənin qərarına etiraz olaraq aclığa başlayıb. Saqıyev 2017-ci il noyabrın 17-də saxlanılıb. 2018-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. O, Xalq Cəbhəsi Partiyasının fəalı, jurnalist, Avropadan yayımlanan müxalif “Turan TV” telekanalının aparıcısı olmuş Türkel Azərtürkün bacanağıdır. Yerli hüquq müdafiəçiləri əmindirlər ki, onu siyasi mühacir Türkel Azərtürkün jurnalist fəaliyyətinə görə cəzalandırıblar. Azərtürk son bir neçə ildir ki, Avropada yaşayır. O, Azərbaycan hakimiyyətini kəskin tənqid edən “Azərbaycan saatı” internet resursunun əməkdaşı olub. Türkel Azərtürkün özü də bu ilin fevralında bildirib ki, o və ailəsi həyatlarına təhlükənin mövcudluğu ilə bağlı Niderland polisi tərəfindən xəbərdar edilib. Bu ilin martında Türkel Azərtürk AXCP-dən, o cümlədən AND təşkilatından, internet resurslarında fəaliyyətdən istefa verdiyini bildirib. Penitensiar Xidmətdən Saqiyevin səhhəti və saxlanma şəraiti ilə bağlı məlumat almaq mümkün olmayıb. Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əməllərə görə məsuliyyətə cəlb ediliblər.