Belarusdan Ukraynaya ilk aviazərbə endirildi

Belarusdan Ukraynaya ilk aviazərbə endirildi

"İyunun 25-nə keçən gecə Ukrayna ərazisi raket hücumuna məruz qalıb. Rusiya tərəfi zərbələri Belarus ərazisindən həyata keçirib".

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, kütləvi raket zərbəsi iyunun 25-nə keçən gecə həyata keçirilib. Zərbələr üçün X-22 raketlərini buraxan altı "Tu-22M3" strateji bombardmançıdan istifadə edilib.

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya təyyarələri Kaluqa vilayətinin Şaykovka hava limanından havaya qalxıb, daha sonra həmin ərazidən və Smolensk vilayətindən keçərək Belarusun hava məkanına daxil olub. Raketlər Ukrayna ilə sərhəddən 50-60 km aralıda, Mozır yaxınlığında yerləşən Petrikov ətrafından buraxılıb. Atışdan sonra bombardmançılar Şaykovkaya qayıdıblar.

Raketlər Kiyev, Sumskaya və Çerniqov vilayətləri üzərindən uçub.

Qeyd olunub ki, bu, Belarus ərazisindən Ukraynaya hava zərbələrinin endirilməsi ilə bağlı ilk haldır. (modern.az)