Aclıq aksiyasının 13-cü günü

Aclıq aksiyasının 13-cü günü

13 gündür aclıq aksiyası keçirən Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadə bu gün evinə zəng edib. 

Vetenugrunda.az-a bu barədə onun xanımı Leyla İsmayılzadə məlumat verib. O, bildirib ki, Talehin səsindən halsızlığı hiss olunurdu: "Talehin qızdırması düşmür, səsindən çox halsız olduğu bilinirdi".

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü, Elçin Qasımlı məsələ ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımda bəzi məqamlara toxunub:

"Aclıq aksiyasından narahat olan hər kəsə: Dinc və sivil etiraz edək

13-cü aclıq gününü davam etdirən Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə bu gün ailəsi ilə növbəti telefon əlaqəsi qurub. İlahiyyatçı onların səhhəti ilə bağlı narahat olan hər kəsə öz təşəkkürünü bildirib. O, eyni halda aclığın dayandırılması üçün mümkün addımı da bəyan edib.

Tale Bağırzadə onun aclığının dayanmasına israr edən şəxslərə bildirir ki, bunun yeganə yolu onların bu məsələdə dinc etirazıdır: "Aclığın dayandırılması dinc, heç bir insidentə getmədən Prezident Adminstrasiyası önündə etirazdan sonra mümkün ola bilər. Bununla biz problemin həllinə nail ola bilərik ki, bu da aclığa son verilməsi üçün tək yoldur".

Hacı Tale sivil etiraza hər hansı bir müdaxiləni də mümkün sayıb və o, belə olan halda da hər bir şəxsdən səbr nümayiş etdirməyi rica edib.

Tale Bağırzadə Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının sutkalıqda saxlanılan şəxslərlə görüş zamanı Allahın təhqirinə yol verən şəxslərin hüquq müstəvisində cəzalandığı iddiasına da aydınlıq gətirib. O, israr edərək cəzalanan şəxslərin niyə DTX tərəfindən rəsmi formada söylənilə bilməməsini yenə də hansısa orqanların bu işə müdaxiləsi olaraq gördüyünü deyib. Çünki əgər həqiqətən də bu şəxs və ya şəxslər cəzalanıbsa, bunun söylənilməsinə nə kimi maneə ola bilər?

Xatırladaq ki, Tale Bağırzadə iyunun 3-dən Allahın polis idarələrində təhqirinə etiraz olaraq aclıq aksiyası keçirir. O, bu işin günahkarlarının cəzalanmayacağı təqdirdə aclığını davam etdirəcəyini bildirib".