Bədənin mühərriki niyə gücdən düşür? 

Bədənin mühərriki niyə gücdən düşür? 

Zəif ürəyin 5 səbəbi

Müasir insanın ürəyi stress, həyat şəraiti və zərərli qidalanmadan 30 yaşdan sonra artıq zəifləməyə və qocalmağa doğru gedir.

Birinci geniş yayılmış səbəb:

Müntəzəm olaraq təzyiqin qalxması və daim 140/90-dan yüksək qalmasıdır. 50 yaşdan yuxarı hər 3 şəxsdən biri hipertoniya xəstəsidir. Təəssüf ki, bir çox insanlar hipertoniya gizli inkişaf etdiyi üçün bunu bilmirlər. 140 təzyiq zamanı insan özünü normal hiss etsə də, ürək üçün bu təzyiq yükdür və onu sıradan çıxarır. Yüksək təzyiqlə barışmaq və onunla mübarizə aparmamaq gələcəkdə insult və infarktla üz-üzə qalmaqdır.

İkinci səbəb:

Miokardın infarktı. Koronar arteriyaların trombozu infarktın əsas səbəbidir. Hazırda kardioloji əməliyyatlarla infarkta gəlib çatmadan damarların açılması, şuntlanması və stendlənməsi xəstələri xilas edir və ayağa qaldırır. Ona görə də 45 yaşdan sonra ürək damarları 2-3 ildən bir yoxlanmalıdır. Yüksək xolesterin və təzyiq bu damarların tutulmasına səbəb olur.

Üçüncü səbəb:

Ürək əzələsinin virus zədələnməsi, miokardit. İstənilən virusdan – qrip, respirator, indiki halda koronavirus və s.-dən ürək zədələnə bilər. Ona görə də respirator-virus xəstəliklər zamanı yataq rejiminə əməl etməli, çox gəzmək, işləmək, idman etmək olmaz. Hər qripdən sonra mütlər ürəyi EKQ etdirmək lazımdır.

Dördüncü səbəb:

Klapanların revmatizm, müxtəlif bakterial infeksiyalardan və stenozdan zədələnməsi. Bunun qarşısını almaq üçün revmatizm zamanı ürəyi diqqətdə saxlamaq, kardioloq müalicəsini almalı, ürəyi daim müayinə və müalicə etdirmək lazımdır.

Beşinci səbəb:

Ürəyin toksiki zədələnməsi, yəni zəhərlənməsi. Bu içkidən və müxtəlif dərmanlardan ola bilir. Uzun müddət içki içənlərdə ürək əzələsi qocalır, ürək ölçüsü böyüyür, kardiomiopatiya baş verir.

Bu problemlər zamanla gizli gedə, heç bir əlamət verməyə bilər. Bu səbəbdən ildə 1 dəfə ürəyin profilsktik müayinəsi aparılmalıdır.