"Xurmalar yetişən vaxt" ən yaxşı sənədli film oldu- Beynəlxalq Mükafat

"Xurmalar yetişən vaxt" ən yaxşı sənədli film oldu- Beynəlxalq Mükafat

Azərbaycanlı kinorejissorun filmi İsmailiyə Beynəlxalq Kinofestivalının mükafatına layiq görülüb 

Azərbaycanlı kinorejissor Hilal Baydarovun "Xurmalar yetişən vaxt" filmi iyunun 16-dan 22-dək Misirin İsmailiyə şəhərində keçirilən 22-ci Beynəlxalq Sənədli və Qısametrajlı Filmlər Festivalının "Ən yaxşı sənədli film" nominasiyasında mükafata layiq görülüb.

Süveyş kanalının sahilində keçirilən mükafatların təqdimatı mərasimində Misir, Suriya, İtaliya kino tənqidçiləri azərbaycanlı kinorejissorun mükafatını ölkəmizin Misirdəki səfirliyinin əməkdaşı Emil Rəhimliyə təqdim ediblər.

Mərasimdə İsmailiyə valisi Şərif Fəhmi Bişara, Misir Mədəniyyət Nazirliyinin müşaviri Xalid Əbdel Cəlil, tanınmış kinoaktyorlar və rejissorlar iştirak ediblər. Ərəb dünyasında ilk sənədli və qısametrajlı filmlərin festivalı olan İsmailiyə Kinofestivalında bu il 44 ölkədən ekran əsərləri nümayiş etdirilib. Onların 8-i müxtəlif nominasiyalarda mükafatlara layiq görülüb.