Qarabağ inciləri-Qasımuşağı xalçaları

Qarabağ inciləri-Qasımuşağı xalçaları
Əl torpağı cana gətirir, əl musiqi alətlərini dilləndirir, əl tikmələr tikir, əl xalça toxuyur, cansız əşyalara can verir. Keçmişimizi yaşadan min bir naxışlı, ötən illərin kədəri, sevinci, qadın əllərinin hərarəti hopub onlara. Təbiətin əlvan rəngləri zərif çeşnili xalçalara çevrilib. Hər naxışı, hər ilməsi, hətta hər zərrəsi həyat coşğunluğu ilə dolu, hər ilməsi sirli, əfsunlu, hər naxışından saflıq, nur, həyat yağan xalçalarımızın tarixi çox qədimdir. Gül ləçəklərindən incə, kəpənək qanadlarından kövrək, min bir sirli, ulu nənələrimizin yadigarı olan xalçalarımız öz kökümüzdən, neçə-neçə yüzilliyin, minilliyin arxasından, neçə-neçə hadisələrdən xəbər verir. Kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən xalçaçılıq sənəti Zəngəzur mahalının Hacısamlı nahiyyəsində yaşayan əhalinin əsas məşğuliyyət növlərindən birinə çevrilmişdir. Burada toxunan xalça məmulatları və xalça növləri öz xüsusiyyətlərinə görə digərlərindən çox fərqlənirdi. XIX əsrin ortalarından başlayaraq şərq xalqlarının incəsənət nümunələrinə artmış maraqlar nəticəsində Avropalı sənətşünaslar xalçaçılıq sənətini araşdırmağa başladılar. XIX əsrin sonunda və XX əsrin başlanğıcında Avropalı şərqşünas müəlliflərin müxtəlif məqalə və mətnləri işıq üzü görməyə başladı. Ancaq yuxarıda göstərilən müəlliflər incəsənətin xalçaçılıq nümunələrini yaratmış xalqların tarixini pis bilir, xalçaların müəllifləri, onları toxuyanlar haqqında, xalça məmulatlarının istehsal texnikasından olduqca səthi xəbərdar idilər. Bu səbəbdən də bəzən xalçaların istehsal yerlərinin adını, hətta xalçaların adlarını belə səhv adlandırırdılar. Bütün avropalı müəlliflər, ayrı-ayrı xalça qrupları arasında fərq qoymadan, Azərbaycan, Dağıstan, Gürcüstan və Ermənistan xalçalarını ümumi bir qrupda — “Zaqafqaziya xalçaları” və yaxud da “Qafqaz xalçaları” adlı bir qrupda birləşdirirdilər. Bu ümumi adlandırmadan istifadə edən ermənilər “Azərbaycan xalçaları”nın bir çoxunu “Ermənistan xalçaları” kimi tanıtmağa çalışırlar. “Qasımuşağı xalçaları”da belə xalçalardan biri olmaqla digər xalqların (əsasən Ermənistan, bəzən Gürcüstan, İran və ya da Kürd) xalçası kimi nümayiş etdirilməklə yanaşı bazarlara satışa məhz başqa adlarla çıxarılır. Qarabağ xalçaçılq məktəbinə aid edilən xalçaların bəzi naxışları Təbriz xalçaçılıq məktəbinə aid edilən xalçaların naxışları ilə müəyyən dərəcədə oxşarlıq təşkil edir. “Qasımuşağı xalçaları”, “Qoca xalçaları”, “Açma-yumma xalçaları”, “Balıq xalçaları” və digər xalçalar buna bariz nümunədir. “Qasımuşağı xalçaları”nda istifadə edilmiş əjdaha təsvirləri Təbriz xalçaçılıq məktəbinə aid edilən “Xətai xalçaları”ndan götürülmüşdür. Buna əsas səbəblərdən biri Qasımuşağı tayfasının XVIII yüzilliyin ortalarına qədər Xorasan əyalətində binə bağlaması, orada da tayfa üzvlərinin xalçaçılıqla məşğul olması olmuşdur. Nadir şah Qırxlı Əfşarın ölümündən sonra Qasımuşağı tayfası Xorasan əyalətində duruş gətirə bilməyib Qarabağa köç edir. Buna görə də “Qasımuşağı xalçaları”na məxsus əjdaha təsvirlərı “Xətai xalçaları” adlanan əjdahalı xalçaların naxışları ilə müəyyən qədər oxşardır. Ancaq həmin naxışlar öz ilkin görünüşünü müəyyən qədər dəyişmişdir. Mifik təfəkkürləri simvolizə edən totem anlayış – “Xətai xalçalarından” götürülmüş əjdahanın “S”-vari stilizi “Qasımuşağı xalçaları”nda müdafiə, qorunma rəmzi kimi qəbul edilir. Hacısamlı nahiyyəsində qoyunçuluğun inkişafı ilə əlaqədar bölgədə yun istehsalı da inkişaf etmişdir. Zərif yunlar əsasən yun şal (parça) toxumağa seçilirdi. Yun darağı ilə daranan yun iplik edildikdən sonra istifadəsinə uyğun yerli bitki, yaxud da ağac qabıqları ilə, eləcə də digər (palçıq, böcək, bitki kökləri və s. hissələrindən) vasitələrlə rənglənər, hanada toxunar və hətta özləri üçün çöl və qış paltarları hazırlayırdılar. Yunun nisbətən qaba hissəsindən xalça, palaz, gəbə, kilim, cecim, qəlib, nəmənd, fərməş (farmaş və yaxud da məfrəş), xurcun, heybə, örkən, şötük, sicim, çatı, gözək, əlcək, sapand və digər əşyalar toxumaq və tikmək üçün ayrılırdı. Bu günə qədər qorunub saxlanan və əsrlərin yadigarı olan “Qasımuşağı tikmələri”, “Qasımuşağı xalçaları” burada toxuculuğun və xalçaçılığın yüksək inkişafına ən yaxşı nümunədir. Bu bölgədə toxunan “Qasımuşağı xalçaları” öz xüsusiyyətlərinə görə Qarabağ xalçaçılıq məktəbinin ən yaxşı xalçalarından biri hesab olunur. Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən “Qasımuşağı xalçaları” Zəngəzur mahalının (indiki Laçın rayonunun mərkəzindən 50-60 km şimalda), Hacısamlı nahiyəsinin inzibati ərazi vahidində yerləşən, Qasımuşağı tayfasının (Qaraqasımlı) məskunlaşdığı Qasımuşağı obasının (Qasımuşağı dərəsinin) adı ilə bağlıdır. Bu obada xalça, palaz, gəbə, kilim, xurcun, çuval, keçə (qəlib), şəddə, yun corab, yun şal (parça) və s. əşyalar evdə sadə əl alətləri ilə toxunurdu. Bu alətləri dəmir və taxta olmasından asılı olmayaraq əhali özləri hazırlayırdılar. Şamkənd, Kürdhacı, Çorman, Şəlvə və Ərikli kəndlərinin inzibati ərazi dairəsində yaşayan tayfanın adı ilə bağlanan tikmə və xalçalar dünyada “Qasımuşağı” adı ilə tanınmışdır. Bu tikmə və xalçanın yaranmasında isə Qasımuşağı (Qara Qasımlı) tayfasının böyük əməyi olmuşdur. Qasım Hacı Sam oğlu XVIII yüzilliyin ortalarında Qasımuşağı obasında yaşayan hörmətli şəxs olub. Binə qurub, yaşadığı obanın adını isə Qasımuşağı tayfasının adından adlandırmışdır. Qısa məlumat üçün qeyd edək ki, tayfanın ulu babası XV əsrdə yaşamış Qasım Abdulkərim oğlu (Qara Qasım) olmuş və Qasım Hacı Sam oğlu babasının adını əbədiləşdirmək üçün yaşadığı obanı Qasımuşağı obası adlandırmışdır. Qasımuşağı obasının ərazisində qərar tutan kəndlərdə yaxın keçmişə qədər yüksək növ müxtəlif çeşnili xalçalar istehsal olunurdu. Elmi, tarixi, bədii əhəmiyyət kəsb edən “Qasımuşağı xalçaları”da belə xalçalardan biri olmaqla yüksək keyfiyyətli, parlaq, yumuşaq, əl üsulu ilə əyrilən, təbii boyaqlarla boyadılmış yun iplərlə hanada toxunmuşdur.Antique_Embroidery_Kasim_Ushak Adətən çeşniyə uyğun olaraq xalçanın bədii tərtibatını müəyyənləşdirirlər. İlməvurma işi çeşni tətbiqi ilə eyni vaxta düşür. Belə ki, ilmələr çeşniyə əsasən vurulur. Yəni çeşni ortalıqda yoxdursa, ilmə vurmaq mümkün deyil. “Qasımuşağı xalçaları”nın çeşnisi el arasında cilalanmış, bəyənilmiş, şöhrət tapmış və böyük bir eldən gələn çeşnidir. “Qasımuşağı xalçaları”nın çeşnisinin yaranması tarixi ənənəyə uyğun yaddaşda qalan təsvir əsasında toxunmamış. “Qasımuşağı xalçaları”nın çeşnisi bir neçə əsr bundan əvvəl ilk dəfə tikmə şəklində istifadə edilmiş, bir müddət sonra “Qasımuşağı tikmələri”nin çeşnisindən xalçalara köçürülmüşdür. Bu səbəbdən də yaşlı xalçaçılar və yerli əhali arasında bu xalçalar bu gün də “Tikmə gəbə” (yaxud da “Tikmə xalça”) adlandırılır. Orta sahənin aşağı və yuxarı yanlarından gölün kənarlarına doğru açılmış qola bənzər yerliyi ağ rəngli, yalnız bu xalçalar üçün səciyyəvi olan naxışlar – qollar toxunmuşdur. Bu qollar (naxışlar) quruluşuna görə “Qasımuşağı xalçası”nı xarakterizə edən digər naxış və simvollardan seçilirdi. Buna görə də bəzi sənətşünaslar, xalçaçılar, əsasəndə yerli əhali arasında bu xalça “Ağqol gəbə” (yaxud da “Ağqol xalça) kimi də tanınır. “Qasımuşağı xalçaları” təkcə adı çəkilən ərazidə yox, Qarabağın bütün xalçaçılıq məntəqələrində istehsal olunurdu. Digər məntəqələrdən fərqli olaraq Ağcabədidə və Şuşada toxunan xalçalar keyfiyyət baxımından başqalarını xeyli üstələyirdi. “Qasımuşağı xalçaları”nın öz mürəkkəbliyi ilə seçilən orta sahə kompozisiyası müxtəlif detal və elementlərdən ibarətdir və bədii nöqteyi–nəzərdən çox orijinaldır. Qırmızı, yaşıl və qara rəngli qarmaqlar “Qasımuşağı xalçaları”nın dörd küncünün hər birində yerləşdirilməklə bədii tərtibatı bir daha tamamlayır. “Qasımuşağı xalçaları”nda olan naxış və fiqurlar çox ustalıqla tərtib edilərək işlənmişdir. Əsas yerlik qara olmaqla qırmızı yerlikli orta sahədə boş yer (sahə) saxlanılmadan naxış və fiqurlar toxunmuşdur. Hər bir hissə ona forma üzrə uyğun olan bədii surətdə uyğunlaşdırılmış və yerində toxunmuş naxışlarla doldurulmuşdur. Hər bir naxış, fiqur və ornamentlərin ayrı-ayrılıqda və ya ümumilikdə xalçada yerləşdirilməsi xalçanın ümumi quruluşuna tabe edilmişdir. Ağ yerlikli xonçanın (medalyonun) tən ortasında səkkizguşəli ulduza bənzər qırmızı yerlikli həndəsi naxış işlənmişdir. Səkkizguşəli ulduzun ortasında altıbucaqlı həndəsi fiqur təsviri vardır. “Qasımuşağı xalçaları”nın yerliyi qırmızı, ara sahəsinin mərkəzində haşiyə ilə əhatələnmiş böyük göl, gölün orta hissəsində dördkünclü xonça (medalyon) təsvir edilmişdir. Xonçanın (medalyonun) dörd ləçəyinin yerliyinin ağ fonunda hər ləçəkdə simmetrik şəkildə qırmızı və mavi rənglərdə əjdahaya bənzər təsvirlər, onların arasında səkkiz ədəd qarmaqlı formada naxışlar yerləşdirilmişdir. Kənarları haşiyələnmiş böyük mərkəzi göl, gölün orta hissəsində dördkünclü xonça (medalyon) xırda çiçək formalarıyla sıx naxışlı haşiyəylə mühasirəyə alınmışdır. Qırmızı, yaşıl və qara rəngli qarmaqlar Qasımuşağı xalçasının dörd küncünün hər birində yerləşdirilməklə bədii tərtibatı bir daha tamamlamışdır. Mərkəzi gölün içərisi müxtəlif naxış və detallar toxunmuş “böyük hörümçək” adlanan naxışla bəzənmişdir. Bu bəzədilmiş hörümçəyin “burulmuş budaqlar”ı (bəzi xalça ustaları onları “qısqaclar” adlandırırlar) zərif ağ yunla, onların aralarından hər tərəfə çıxmış qarmaqşəkilli buynuzları qara və ya göy iplikdən toxunmuşdur. Hörümçəyin ağ bədəni tünd göy və qırmızı yundan müxtəlif qarmaqşəkilli elementlərdən təşkil edilmiş naxışla örtülmüşdür. Həmahəng ornament naxışına və mərkəzi medalyonun rəng izahına uyğun və medalyonun vertikal tərəflərini tutmuş “burulmuş budaqlar” şəklində fiqurların fonunun ağ rəngi hörümçəyin özünün ağ rənglənməsiylə üst-üstə düşür və sanki, onlar medalyonu düşmənlərdən qoruyur. “Qasımuşağı xalçaları”nda bu xalçalara məxsus “S” hərfinə bənzər naxışlar xalçanın hər dörd küncündə aralıq sahədə yerləşdirilmişdir. “Qasımuşağı xalçaları”nda rast gəlinən naxışların və simvolların hər birinin öz mənşəyi, mənası və yaranma səbəbi var. Mənəviyyat və maddiyat arasında konflikt simvolu olmaqla bolluq rəmzi kimi, eləcə də evin, ailənin, tayfa və qəbilənin qoruyucusu kimi tanınan “Əjdaha”, bolluq, paylaşmaq rəmzi olan “ərsin”, pis gözdən, bəd nəzərdən, bədxah ruhlardan qorunmaq məqsədi daşıyan “qarmaqlı çiçək” (“gərdəkbaşı”, “cincilim”) motivləri və digər naxışlar ustalıqla əvvəlcə “Qasımuşağı tikmələri”ndə, sonra isə “Qasımuşağı xalçaları”nda təsvir edilmişdir. Yuxarıda adları çəkilən təsvirlər “Qasımuşağı xalçaları”nı xarakterizə edən naxış və simvollardan yalnız bir hissəsidir. İnanclarımızı, tarixi-keçmişimizi, milli mənşəyimizi və estetik duyumumuzu yaşadan bu naxış və simvollar təkrarolunmaz eləcə də yaddaqalma xüsusiyyəti ilə ənənələrimizi qoruyan bir xəzinədir. Xalça sənətində rənglərdən istifadə olunmasının xüsusi qanunauyğunluqları var. Xalçalarda istifadə edilən rənglər təkcə rəngarənglik, göz oxşamaq deyil, eyni zamanda insanların sağlamlığına, əhval-ruhiyyəsinə də təsir edir. Təbiətin yaratdığı müxtəlif rənglər arasında uyarlıq, uyğunluq olsa da, süni mühitdə sintez edilmiş rənglər heç də həmişə uyğun gəlmir. Minlərlə gül, çiçək, ot, kol, ağac növlərinin mövcud olduğu Qasımuşağı obasında toxunan “Qasımuşağı xalçaları”nın çeşnisi bir neçə rəngdən ibarət olsa da, onların bir-birinə uyğunluğu çox ustalıqla və olduqca düzgün seçilmişdir. Klassik “Qasımuşağı xalçaları”nın toxunması zamanı ipləri boyamaq üçün istifadə edilən boyaqların (cövhərin) əsasını təbii boyaqlar (rənglər) təşkil edirdi. Lakin son yüz ilə yaxın bir vaxt ərzində, süni boyaqların – alizarin və anilin maddələrinin kəşfindən bir müddət sonra Qasımuşağı obasında boyaqçılıq işləri təbbi boyaqlarla deyil, asanlıqla yerinə yetirilən süni boyama vasitələri ilə boyanmağa başlandı. Olduqca fərdi bədii tərtibata malik “Qasımuşağı xalçaları”nın toxunuşunda istifadə edilən rənglərin hər birini almaq üçün ilin fəsillərindən, müxtəlif bitki və heyvan mənşəli maddələrdən və bir-birindən fərqli üsullardan istifadə edilmişdir. Bu rənglərin düzgün seçimi “Qasımuşağı xalçaları”nın kompozisiyasında emosional təsir gücünü artırır, parlaq və dolğun rəng həllini tamamlayır, xalçaya ecazkar görkəm verir. “Qasımuşağı xalçası”nın toxunuşunda demək olar ki, ağ, tünd qırmızı, yaşıl, qara, göy, sarı və sürməyi rəng çaları olan ipliklərdən istifadə edilmişdir. Bütün rənglərin sintezini təşkil edən, ideal rəng hesab olunan, bəzən ölümü simvolizə edən ağ, torpaq, güc, qüvvət, eyni zamanda inadkarlıq, matəm simvolu qara, canlılıq, dinamizm, xoşbəxtlik rəmzi qırmızı, təbiətin və baharın rəngi, sakitləşdirici, təravətli, incə, canlı, dolğun yaşıl, kosmosu, sonsuzluğu, nüfuzu, məhsuldarlığı, sakitliyi ifadə edən göy, keçici və diqqət cəlb edən, zəka, incəlik, xoş hisslər yaradan və hərəkətin, sevincin simvolu olmaqla yanaşı payızın bütün qəmli gözəlliyinidə təmsil edən sarı, insana rahatlıq, sakitlik gətirən, diqqəti cəlb etməyən sürməyi kimi rənglər bir-biri ilə xüsusi ustalıqla uyğunlaşdırılmışdır. “Qasımuşağı xalçaları” əsasən kiçik və orta ölçülü olurlar. Buna baxmayaraq bəzən daha böyük formatlı xalçalar da toxunurdu. “Qasımuşağı xalçaları”nın toxunuşu zamanı ilmələr simmetrik (türkbaf) üsulla toxunmuşdur. “Qasımuşağı xalçaları”nın toxunuşu zamanı ümumiyyətlə ilmənin xammalı yun ipliklərdən istifadə edilmişdir. Xalçanın toxunuşunda istifadə edilən əriş dörd qat, hər qatda iki iplik olmaqla qalın və möhkəm tovlanmış ağ rəngli iplikdən ibarətdir. Əriş ipliklər əsasən yun ipdən olur; əgər xalçanın sıxlığı yüksək, yəni hər desimetrə düşən ilmələrin sayı çox olmalıdırsa, o zaman qalın və yaxşı tovlanmış iplikdən istifadə olunur. Bəzən hər desimetrə düşən ilmələrin sayından asılı olmayaraq xalçanın ölçüsü böyük olduğu halda da ərişin toxuma zamanı qırılmaması xatirinə möhkəm və davamlı olmasına xüsusi diqqət yetirilir. “Qasımuşağı xalçaları” əsasən iki-arğaclı xalçalarla təmsil olunur. Altdakı arğac — yoğun, üstdəki arğac isə — nazik olur. İki növ yerliyə uyğun qırmızı rəngli yun iplikdən hazırlanmış arğacdan: 1) İki qat düz, yaxud da çəkə, həmçinin nazik və tovlanmış arğac; 2) İki qat ziqzaq, yaxud da tökə, həmçinin qalın arğacdan istifadə edilmişdir. Klassik “Qasımuşağı xalçaları”ndan fərqli olaraq müasir xalçalarda, xüsusilə də keçən əsrin 70-ci illərindən etibarən yundan əlavə pambıq (əsasən də əriş və arğac) və eləcədə müasir maşın istehsalı olan xalçalarda xammal kimi sintetik iplərdən də istifadə edilir. Pambıq və sintetik iplikdən istifadə edilərkən xalçaların toxunma keyfiyyəti aşağı düşür. “Qasımuşağı xalçaları”nda şirazəni (xalçanın kənarları) əsasən iş üstündə, bəzən xalça toxuma dəzgahından (hanadan) yerə endirildikdən sonra hazırlanar, təsadüfi hallarda isə bazarda çalışan xüsusi şirazəbənd ustalar tərəfindən xalçanın yanlarına yun iplərlə dolayardılar. Şirazələr adətən xalçanın yerliyinə istifadə edilən qırmızı rəngli ipliklərlə, bəzən iki rəng iplikdən — qırmızı və qara rəngli ipliklərdən, təsadüfi hallarda isə müxtəlif rəngli (qırmızı, qara, sürməyi və ağ rəngli) ipliklərdən istifadə edilməklə sarınardı. Xalçanın kənarlarını (qıraqlarını) hörmək üçün istifadə edilən iplik adətən dörd ədəd (iki qoşa) yun iplikdən ibarət olur. Saçaqlar xalçada istifadə edilmiş ərişin uzantısından əmələ gəlir. Bəzən əriş müxtəlif rəngli iplərdən təşəkkül tapır ki, bu da saçaqların rəngbərəng olmasına səbəb olur. Əsas halda saçaqları yuxarıda 15 sm, aşağıda (sonda) 9 sm-lik ağ yun ipliklə hörülərdi. “Qasımuşağı xalçaları”nda naxışların forması girdə (yuvarlaq), dördbucaqlı, kvadrat, altıbucaqlı, səkkizbucaqlı və bu xalçanın özünəməxsus digər həndəsi formalı naxışlarla bəzədilmişdir. “Qasımuşağı xalçaları”nı toxumaq üçün toxucu dəzgah (hana) şaquli şəkildə ağacdan yerli əhali tərəfindən hazırlanırdı. 1980-ci illərdə Qasımuşağı obasında artıq metal toxucu dəzgahlardan (divar hanalarından) istifadə edilirdi. “Qasımuşağı xalçaları”nın ümumi sahəsi 228×155 sm və daha çox, arasahənin ölçüsü təxminən 200×121 sm-dir. Haşiyələrin ölçüləri isə yanlarda 15-17 sm, yuxarı və aşağı hissədə 17 – 18 sm-dir. İlmələrin (düyünlərin) sıxlığı: hər kvadrat desimetrdə 30X30-dan 40X40-dək ilmə (düyün) yerləşir (hər kvadrat metrdə 90 000-dən 160 000-dək ilmə (düyün)). Xovun uzunluğu 7 – 10 mm, bəzən 12 mm-ə çatır. “Qasımuşağı xalçaları”nda ilmələrin sıxlığının az, xovunun hündür olması onları Qarabağ xalçaçılıq məktəbinin digər xalçalarından yumşaq və yüngül olması ilə fərqləndirir. Xanlıq, Bəhmənli, Qaraqoyunlu və Talış xalça çeşniləri də bu xüsusiyyətə malikdir. “Qasımuşağı xalçası” Qarabağ xalçaçılıq məktəbinin ən yaxşı xalçalarından biri hesab olunur. Antique Kasim Ushak RugAntique Kasim Ushak Rug 5Antique Kasim Ushak Rug 4Antique Kasim Ushak Rug 3 Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində yerləşən bütün kəndlərin ərazisi 1992-ci il 18 may tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edildi. Bununla da bu ərazilərdə “Qasımuşağı xalçaları”nın toxunmasına (istehsalına) son qoyulmuş oldu. Əvəzində isə işğal olunmuş ərazilərdə ermənilər tərəfindən aparılan qarət nəticəsində əldə edilmiş digər Azərbaycan xalçaları ilə yanaşı, nənələrimizin yadigarı olan “Qasımuşağı xalçaları”nı da muzey və sərgilərdə “Ermənistan xalıçası” kimi təqdim edirlər. Hətta müasir dövrdə Azərbaycanda, azərbaycanlılar tərəfindən toxunan, Azərbaycanın milli xalça növlərindən olan müasir Qasımuşağı xalçaları xarici muzey, sərgi, mağaza və bazarlara Ermənistan xalçası adı ilə çıxarılır. Qasımuşağı obasının əhalisi Azərbaycan Respublikasının bir çox rayon və obalarında məcburi köçkün kimi məskunlaşmışdır. Hal-hazırda bəzi ailələr öz kəndi əlləri ilə toxuduğu “Qasımuşağı xalçaları”nı öz şəxsi evlərində (şəxsi kolleksiyalarında) qoruyub saxlayırlar. Bütün çətinliklərə baxmayaraq Azərbaycan Respublikasının bir çox bölgələrində təşkil edilmiş birlik, təşkilat və həmçinin kiçik sexlərdə bu gün dünya muzeylərinin və şəxsi Sultan Hümbətov 5kolleksiyaların bəzəyinə çevrilmiş “Qasımuşağı xalçaları”nın istehsalı davam etdirilir. Mənsub olduğu el-obanın tarixi keçmişinə, mədəni irsinə, mənəvi dəyərlərinə, adət və ənənələrinə sahib çıxmaq, eləcədə onları gələcək nəsillərə çatdırmaq isə bu günkü gənc nəslin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Biz tariximizə və bu tarixi yaradanlara, onların yaratdıqları mədəni irsə və mənəvi dəyərlərə sahib çıxmağı hələ də öyrənməliyik! Sultan HÜMBƏTOV