Murovdağdakı Müqəddəs Yelisey məbədi

Murovdağdakı Müqəddəs Yelisey məbədi

Müqəddəs Yelisey məbədi Murovdağın ətəyində yerləşir. Bu kilsə və monastır müxtəlif adlarla Müqəddəs Yelisey, Ners-Mixra, Cirviştik, XIII əsrdə isə Eqişe Arakel adlandırılıb.

Moisey Kalankatuklunun "Alban tarixi" əsərində bu ərazi "Cervştik yaxınlığında yerləşən Ners-Mixra ibadətgahı" kimi xatırlanır. Monastır bir vaxtlar Alban çarı Vaçaqana məxsus olmuş Divtakan adlı Alban kəndinin yaxınlığında inşa edilmişdir. Abidənin tədqiqatı arxeoloq Rəşid Göyüşov tərəfindən aparılıb. Birinci binanın enliliyi 4,2 metr olmaqla, şərq tərəfində yarımdairəvi səcdəgahı qalmışdır.

Bina daş piltələrlə üzlənmişdi. Aparılan arxeoloji tədqiqatlar zamanı aşkar edilən tikinti qalıqları göstərdi ki, ilk əvvəl binanın tikintisində ölçüləri 42 x 46 x 13 və 37 x 39 x 9 sm olan bişmiş kərpiclərdən istifadə edilib. Qazılmış sahə əvvəllər mövcud olmuş kilsənin ölçülərinin müəyyənləşdirilməsinə imkan vermirdi. Belə ki onun qərb hissəsi yeni tikilinin altında qalmışdı. Binanın planlanması tikilinin altında qalmış özül əsasında tədqiq edilmişdir.

Aparılan tədqiqatlar göstərdi ki, məbəd IX-X əsrlərdə dağıdılmışdır. XI əsrdə burada dağıntılar üzərində yeni monastır kompleksi tikilməyə başlanıb. Hazırda əvvəlki bazilikanın bünövrəsinin uzunluğu 10 m, eni 5,40 m olan və şərq divarı dağıdılmış böyük məbəd dayanır. Abidənin qərbində dörd sütun üzərində dördkünclü narteks inşa edilib.

Narteksin qərbdən bir girişi olmaqla uzunluğu 9,5 m, eni isə 8,45 metr təşkil etmişdir. Zəng qülləsi narteksin dörd sütunu üzərində inşa edilib.