Mindən çox tarixi abidə sənədləşdirilib

Mindən çox tarixi abidə sənədləşdirilib

Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən 1216 abidə pasportlaşdırılıb, çoxlu sayda körpü, məscid, türbə, hamam və başqa tipli tarixi tikililər yenidən bərpa olunub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən verilən xəbərə görə, bu faktları Naxçıvan Bölməsində 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə keçirilən "Naxçıvan Muxtar Respublikasında abidələrin tədqiqi tarixi" mövzusunda tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib. Akademik əlamətdar günün təsis edilmə tarixinə nəzər salıb, bu günün ölkəmizdə hər il qeyd olunduğunu bildirib, Azərbaycanın zəngin tarix və mədəniyyət abidələrindən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" 2005-ci il 6 dekabr tarixli Sərəncamını xatırladan bölmə sədri ölkəmizdə, eləcə də muxtar respublikada tarix və mədəniyyət abidələrinə göstərilən dövlət qayğısından danışıb.

İsmayıl Hacıyev erməni vandallarının Qarabağ ərazisində həyata keçirdikləri dağıntılar, tarix və mədəniyyət abidələrinin qəsdən məhv edilməsi faktına da toxunub. Bildirib ki, Heydər Əliyev Fondu tərəfindən bir sıra abidə və məbədlərin yenidən qurulması Azərbaycanda mövcud olan tolerantlıq ənənəsinə ən bariz nümunədir.

Muxtar respublika ərazisindəki Qazma mağarası, Xaraba-Gilan, Ovçular təpəsi, Şahtaxtı, Kilit, Naxçıvantəpə, Xələc, Uçan Ağıl, I Kültəpə, II Kültəpə, Şortəpə, Qızqala və onlarla digər yaşayış yerlərində aparılan arxeoloji tədqiqatlar tariximizin qədim dövrlərinə dair mühüm elmi fikirlər irəli sürməyə imkan verib. Arxeoloji araşdırmalara əsasən demək olar ki, bu bölgədə formalaşan qədim mədəniyyətlər xüsusilə Şərqi Anadolu, İrəvan, Urmiya hövzəsi və Qarabağla sıx bağlı olub.

İndiyədək Cənubi Qafqazda Neolit, Eneolit və Erkən Tunc dövrünə aid ən qədim abidələr Naxçıvanda aşkar edilib. Naxçıvan qədim mədəniyyətlərin kəsişmə nöqtəsində yerləşdiyi üçün burada mövcud olan abidələrin tədqiqi Cənubi Qafqaz və Yaxın Şərq tarixinin öyrənilməsi üçün də əhəmiyyətlidir. Buna görə də Naxçıvan abidələri nəinki azərbaycanlı araşdırmaçı¬ların, həmçinin xarici tədqiqatçıların da diqqətini cəlb edib.

Xarici ölkə alimləri ilə yaradılan əlaqələr nəticəsində 2006-cı ildən başlayaraq Naxçıvanda iki beynəlxalq ekspedisiya fəaliyyətə başlayıb. Azərbaycan və Fransa arxeoloqları arasında bağlanan müqaviləyə əsasən Beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası yaradılıb və bu ekspedisiyanın işinə Almaniya, Macarıstan, Türkiyə, Avstraliya, İspaniya, İtaliya və digər ölkələrin də mütəxəssisləri cəlb olunub.

Amerika Birləşmiş Ştatlarının Corciya, Pensilvaniya, Utah, Emori universitetləri ilə qurulan əlaqələr nəticəsində Beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası yaradılıb, bu ekspedisiyanın işində Böyük Britaniyanın Oksford və Avstraliyanın Monaş Universitetinin əməkdaşları da iştirak ediblər.