Məsut Özil Azərbaycanda ilin döyüşkən legioneri seçilib

Məsut Özil Azərbaycanda ilin döyüşkən legioneri seçilib

İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2020" layihəsi üzrə mükafatçıları müəyyənləşib.

8 nominasiya üzrə qaliblər bu gün onlayn qaydada açıqlanıb.
Ardıcıl 8-ci ildir həyata keçirilən layihə Vətən müharibəsindəki böyük qələbəyə həsr olunub. İlin ən böyük qalibi Azərbaycan Ordusu olduğundan, namizədlər Vətən müharibəsi vaxtı döyüşən, şəhid və qazi olan, erməni terrorundan əziyyət çəkən, Orduya maddi, mənəvi və təbliğati dəstək verən idman ictimaiyyətinin nümayəndələri, idman qurumları, yerli və əcnəbi idmançılar (futbolçular), məşqçilər və jurnalistlər, eləcə də il ərzində keçirilmiş yarışlarda Ermənistan təmsilçilərinə qalib gələn Azərbaycan idmançıları arasından seçilib. Özündə 44 günlük müharibəni ehtiva edən "4+4 FİNALI" adlı mükafatlandırma tədbirində yalnız ilin döyüşkən futbolçusu nominasiyasında qalib olan şəhid İlqar Bürcəliyev təltif olunub. Şəhidin atası Vüqar Bürcəliyevə plaketi "Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov təqdim edib.

Nominasiyalar üzrə qaliblər bunlardır:

  1. İlin döyüşkən idman xadimi: Fariz Nəcəfov ("Qəbələ" klubunun prezidenti) - Vətən müharibəsində iştirak etdiyi üçün
  2. İlin döyüşkən idmançısı: Şəhid Cəbrayıl Dövlətzadə (cüdoçu) - Vətən müharibəsində iştirak etdiyi üçün
  3. İlin döyüşkən futbolçusu: Şəhid İlqar Bürcəliyev ("Zirə" klubunun və Azərbaycanın U-18 yığmasının sabiq futbolçusu) - Vətən müharibəsində iştirak etdiyi üçün
  4. İlin döyüşkən legioneri: Mesut Özil (İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi) - Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək, təbliğati dəstək verdiyi üçün
  5. İlin döyüşkən məşqçisi: Bəxtiyar Abbasov ("Qəbələ" İdman Klubunun məşqçisi) - Vətən müharibəsində iştirak etdiyi üçün
  6. İlin döyüşkən komandası: "Qarabağ" futbol komandası - Orduya maddi və təbliğati dəstək olduğu üçün
  7. İlin döyüşkən idman qurumu: Azərbaycan Cüdo Federasiyası - Orduya maddi və mənəvi dəstək olduğu üçün
  8. İlin döyüşkən jurnalisti: Qazi Daşqın Əziz (Offsideplus.az) - Vətən müharibəsində iştirak etdiyi üçün. (apa)