Rusiya Azərbaycana qoyduğu məhdudiyyəti ləğv edir

Rusiya Azərbaycana qoyduğu məhdudiyyəti ləğv edir

Rusiya Azərbaycandan alma və pomidor idxalına qoyulan məhdudiyyətləri ləğv edir 

"Rosselxoznadzor" bugündən etibarən Azərbaycanın 8 şirkətindən alma və 19 şirkətindən pomidorların Rusiyaya idxalına icazə verib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə seçilmiş məhsul nümunələrinin karantin fitosanitar müayinəsinin nəticələrindən sonra qəbul edilib.

Qeyd edək ki, ötən ilin aprel ayında Rusiyanın Dağıstan Respublikasının Baytarlıq və Fitosanitar Müşahidə üzrə Federal Xidmətinin qərarı əsasında Azərbaycan istehsalı olan 15,5 ton pomidorun Rusiyanın Dağıstan Respublikasına idxalına icazə verilmədi.

Federal Xidmətin əməkdaşları pomidorlarda Cənubi Amerika pomidor güvəsi adlı zərərvericinin aşkar edildiyini iddia edirdilər. 

"Belə ki, bu pomidor yükü ilə bağlı protokol tərtib edilib və Azərbaycana geri göndərilib. Pomidor güvəsi idxal edildiyi təqdirdə, 50%-dən 100%-dək məhsulu məhv edə bilərdi", – məlumatda bildirilir.

Cənubi Amerika pomidor güvəsi ən təhlükəli zərərvericilərdən biridir və ona qarşı yüz faiz effektli mübarizə vasitəsi yoxdur. Hətta kimyəvi preparatlardan istifadə də bu zərərvericiləri tam məhv etmir. Zərərverici məhsuldarlığa ciddi ziyan vurur, pomidorun içərisinə daxil olaraq onu sıradan çıxarır.