“Dərsliklərimizdə zaman sanki donub...”

Azərbaycan təhsilində yaranmış problemlərin kökündə nə dayanır? Bu problemləri həll etmək mümkündürmü?

Bir sözlə, bərbad təhsilimizi müzakirə etmək qərarına gəldik. 

Tanınmış pedaqoq İradə Musayeva VETENUGRUNDA.AZ-a verdiyi müsahibədə maraqlı məqamlara toxunub.

-İradə xanım, bu gün Azərbaycan təhsilində problemin çox olduğu vurğulanır. Sizcə sovet təhsil sistemi və müstəqillik dövrünün təhsili arasında hansı fərqliliklər oldu ki, bu gün təhsilin mənzərəsi bu şəkilə gəldi?

-Bütün millətlərin və cəmiyyətlərin sosial-siyasi, mədəni-intellektual inkişafı sırf təhsilin vəziyyəti ilə bağlıdır. Eləcə də bizim... Və ən əsası müstəqil təfəkkür sahibi, azad düşüncəli, elm və mədəniyyətdən qlobal anlamda təsəvvürü olan İnsan yetişdirmək işində yeganə cavabdeh sahə də bəlkə elə təhsil sahəsidir.

Biz təhsilin vəziyyəti haqqında artıq həm danışmaqdan və hətta düşünməkdən yorulduq, sanki... Təhsil konfranslarının hesabatları da başqa hesabatlar və statistik məruzələr kimi qeyri-real və qeyri-obyektiv görünür. Doğrudur, dövlətin diqqət mərkəzindədir və ölkə başçısı da bu sahənin inkişafının nə qədər mühüm olduğunu maddi-mənəvi həvəsləndirmələr və faktiki köməkliklər ilə diqqətdə saxlayır.
Amma məsələ ondadır ki, nə qədər ali və orta, ya məktəbəqədər təhsil müəssisələri tikilsə və ya təmir olunsa da mahiyyətə çox az təsir edir. Mahiyyət deyəndə mən gəncliyə verilən biliyin səviyyəsini və məzmununu nəzərdə tuturam. Heç sual veririkmi özümüzə ki, bu nədəndir, işıqlı, isti sinif otaqları, maddi-texniki baza, tədris nəşrləri artdıqca abituriyentlərin topladığı ballar ilbəil azalır. Məktəblilər dərsə gedəndə ya təkərli çantalardan ya da ailə üzvlərindən birinin fiziki gücündən istifadə edir kitab-dəftərlərini daşımaq üçün. Çantaları qaldırmaq mümkün deyil...

11 il bu qədər yüklə məktəbə ayaq döyən abituriyentlərin böyük əksəriyyəti 700 balın yalnız 150-sinə sahiblənə bilirsə, problemin daramatikliyi haqqında düşünmək lazımdır.
Bizdə təhsilin və xüsusən ali məktəblər üçün müəyyənləşmiş ixtisasların sanki cəmiyyətin inkişaf istiqamətləri ilə əlaqəsi yoxdur. N qədər məzun var ki, bitirdiyi ixtisasa uyğun iş yeri yoxdur Azərbaycanda. Halbuki biz guya bu kadrları cəmiyyətimiz, millətimiz üçün hazırlayırıq. Həmin zavallı məzun diplomunu qatlayıb qoyur kənara, gedib ya fəhlə, ya da ofisiant işləyir.
Artıq Azərbaycan insanının təsəvvüründə diplomlu olmaq sadəcə ailə quranda siyahıya daxil olan statuslardan, üstünlüklərdən (məsələn, evi var, maşını var, diplomu var və s) birinə nail olmaq “xoşbəxtliyindən” başqa bir şey deyil.

Cəmiyyətin sosial-siyasi, iqtisadi, mədəni və s. həyati tələbatlarına xidmət edən kadrın məqsədəuyğun şəkildə yetişdirilməsi, seçilməsi məsələsi ciddiyə alınmır.
Axı təhsil sadəcə savadlanma, elementar, ibtidai bilik əldə etməklə kifayətlənmə məsələsi deyil. Təhsil bir millətin var olması, düşünə, danışa, dərk edə bilməsi deməkdir həm də. Dünya ilə elmi dildə danışa bilirikmi? Humanitar sahə ilə bağlı inkişafı qoyuram bir kənara. Fizika, riyaziyyat, kimya və s. sahəsində 25 ildir hansı fundamental elmi araşdırmalar və həmin nəzəriyyənin praktiki olaraq real fəaliyyət sahələrinə tətbiqi olub?

Dil və kompyuter bilgisi hazır şablonları, başqalarının ixtirasını əzbərləmək və mexaniki olaraq yadda saxlayıb işə tətbiq etmək hələ o demək deyil ki, biz intellektual gənclik yetişdiririrk və bu səviyyə təhsilin uğurlu nəticəsi deməkdir. Xeyir, bu qabiliyyətə insanlar biznes, bazar iqtisadiyyatının tələbatı nəticəsində ortaya çıxan müəssisələrdə (kurslarda) və ya fərdi qaydada müəllimlərlə ayrıca ünsiyyətdə olmaqla nail olurlar.
Harvard Universitetinin professoru Henri Rosovski Amerika universitet-lərinin dünyada tanınması məsələsindən danışarkən qeyd edir ki, dinamika və düzgün praqmatizm Amerika həyat tərzinin bu iki əsas tərkib hissəsi təhsil sistemini formalaşdırmışdır.

-Təhsilin məzmunu dedikdə nəyi nəzərdə tutursunuz?

-Biz nəyi niyə öyrətməyimizin fərqində deyilik.Yaradıcı fəaliyyət təcrübəsini ali məktəblərdə belə tətbiq edə bilmirik. Başqa inkişaf etmiş dövlətlərdə elmi tədqiqatların böyük hissəsi universitetlərdə reallaşır. Təhsil elmin praktik sahələrində funksiyasını açıqca göstərir. Bizdə təhsillə bağlı bütün strukturlarda fundamental problemlər var. Təhsilin inkişafını tənzimləyən sahələr başdan-ayağa problem içərisindədir. “Dövlət standartları”ndakı ziddiyyətli, anlaşılmaz, çox zaman məqsədəmüvafiq olmayan tapşırıqlar, hələ də mahiyyətini çözə bilmədiyimiz kurikulum, hər univerisetdə bir cür tətbiq olunan “Boloniya prosesi” adlı təhsil sistemi, dərsliklər, tədris planları, yararsız metodik vəsaitlər və s. Qlobal yeniliklər bizim təhsilin məzmununa daxil ola bilməyib hələ də.

Dərsliklərdə zaman sanki donub. Məsələn, ədəbiyyat sahəsində tarix az qala B.Vahabzadə ilə qapanır. Kimya, fizika və s. sahələrdə müasir kəşflər Allah bilir neçə onilliklər əvvəldə ilişib qalıb və s.
Boloniya təhsil sistemini mahiyyətindən ayırıb, eybəcər şəkildə subyektivləşdirdik, fərdiləşdirdik və ilkin mənasını təhrifə uğratdıq. Mən tədris sahəsində (tədris işləri üzrə prorektor) çalışanda elə hey təəccüblənməklə məşğul idim bəzi işlərə. Boloniya prosesinə qoşulmuş universiteti yoxlamağa gələn təhsil işçilərinin, komissiya üzvlərinin bu sistemdən elementar da olsa anlayışı yox idi. Kor-koranə hazırlanmış “Boloniya əsasnaməsi”ndə olan nəzəri məsələləri tədris prosesinə tətbiq etdikcə əngəllərlə qarşılaşırdıq və ümumiyyətlə, ali məktəblərin böyük əksəriyyətində saysız-hesabsız sualların cavabını tapmadıqda məsələnin üstündən keçilir, qüsurlar ört-basdır olunurdu...

Proqram və dərsliklərlə bağlı 10-12 il öncə konkret iradlara əsaslanan məqalə yazdım və çap olundu. İclaslarda, konfranslarda hər dəfə rastlaşdığımız problemin ciddiliyini sübut etmək üçün çıxışlar etdim və xaotik, meyarsız, konsepsiyasız, qeyri-elmi “nəzəriyyə sahibləri”ndən aldığım “havadan asılı”, məntiqsiz cavablar, əjbəttə məni qane edə bilməzdi və bu gün də həmin narazılığım öz qüvvəsində qalmaqdadır...
Təhsilə demokratik, müstəqil düşüncədən doğan modern yanaşma əvəzinə inzibati, iddialı və bəhrəsiz, səmərəsiz hökmlər, qərar və tapşırıqlarla raslaşdıq.

Ali, pedoqoji postlardakı kreslolarda (məsələn, universitetlərdə) insanlar dəyişir, mahiyyət və inkişafa gedən yolun strategiya və taktikası, məramnaməsi dəyişmir. Əksinə, gerilədikcə geriləyirik. Hər yeni rəhbər binanın fasadından, təmirindən, işçilərin iş davamiyyətindəki cədvəlin “səliqəsindən” başlayır. Təmirin, əlbəttə, əleyhinə deyilik. Amma forma, gözoxşayan “çöl yenilikləri” nəzərdə tutduğumuz böyük, qlobal təhsil inkişafı üçün əsas deyil və ola da bilməz. O gözəl, yaraşıqlı otaqlarda mühazirəçilər hələ də 30 il əvvəlin saralmış kağızlarını üzündən oxuya-oxuya tələbələrin başını 90 dəqiqəlik zaman itkisi hesabına qatırsa, nə yazıq bizə...

Elə hey eşidirik: təhsildə islahatlar, müasirləşmə, yeniləşmə, qloballaşma, modernləşmə və s... Və bütün bunlarla bağlı nəzəri ədəbiyyatlar, cild-cild, nəfis tərtibatlı, böyük pullar hesabına çap olunub yayımlanan vəsaitlər var . İçərisində isə söz yığını, şablon, praktikaya tətbiq etmək üçün ələ gələcək tezis və qanunların yoxluğu... Adamın ürəyi ağrayır, kimi aldadırıq? Öz övladlarımızı, yaşadığımız cəmiyyəti, gələcəyimizi... Bir sovet təhsili almış insanla bir Boloniya sistemli təhsil müəssisəsini bitirmiş insanın intellektual səviyyəsini, dünyagörüşünü, elmini , müqayisə üçün yoxlayın. Nəticə sizi təəccübləndirəcək...

Günah, əlbəttə Boloniya sistemində və ya başqa təlim nümunəsində deyil. Problem bizdədir... Bizim təhsilin mahiyyətinə, məzmununa yanaşmamızdadır. Təhsilin və təlimin məzmununun yeniləşməsi məsələsi ortaya atılanda konfranslarda ancaq və ancaq saysız-hesabsız yeni terminli, standart cümlələrlə çərçivələnmiş çıxışlar dinləyəsi oluruq...

-İradə xanım, bu fikirləriniz kifayət qədər ciddi problemlərdən xəbər verir. Bəs, bu günün müəllimi ilə şagirdi, tələbəsi arasında bəzən rəsmi, ciddi bir səddin, ünsiyyət probleminin mövcudluğu necə, təhsilin keyfiyyətinə ziyan vururmu?

-Bəli, bütün hallarda olmasa da, çox hallarda müəllimlə tələbə, şagird arasında inzibati bir baryer var. Ya çox laqeyid, saymazyana, etinasız bir ünsiyyət (əslində ünsiyyətsizlik”), ya da quru rəsmiyyət... Pedoqoji kollektivlə tələbə auiditoriyası arasında sanki pilləkən var. Qapı, pərdə yox, məhz pilləkən....Çox qorxaq tələbə auditoriyaları ilə rastlaşırıq bəzən.

Müəllimə mühazirə mətnləri ilə bağlı sual verməyə qorxan tələbələrimiz var hələ də... Halbuki, məsələn, biz sovet tələbələri dərsdə akademiklərimiz, professorlarımız, sıravi müəllimlərimizlə polemikaya girməkdən çəkinməzdik. Nəyəsə etiraz belə edirdik. Axı biz təkcə test əzbərləyən robotlar yox, İnsan, şəxsiyyət, vətəndaş və ən nəhayət- azərbaycanlı yetişdiririk təhsil fəaliyyətimizlə...

 Arzu Abdulla