Xeybər möcüzəsi doğrudurmu?

Xeybər möcüzəsi doğrudurmu?

"Qoyun ili qaz bürcündən" olan soydaşlarımıza

Müqəddəs İslam dinimizlə bağlı bəzi məsələlər var ki, insanlarda şübhə doğurur. Ətrafına reallıqdan baxmaq istəyən bəzi insanlar dini-mistik düşüncəni qəbul etməyə çətinlik çəkir. Bu səbəbdən yeri gəldi-gəlmədi İlahi dinin tərs üzünü təşkil edən xarüqaladə hadisələri, kəramətləri və möcüzələri inkar edir və bu halları öz baxışlarından çıxış edərək "xurafat" adlandırırlar. Məncə, onları başa düşmək olar...

Sözügedən məsələlərdən biri də möminlərin İmamı həzrət Əlinin (ə) Mədinədə yəhudi ərazilərindən olan Xeybərdə qalanın fəthində göstərdiyi fövqaladə hadisədir. Belə ki, həzrət Əli (ə) müdafiə olunan qalaya öz qoşunu ilə hücum edərkən irəliyə şığıyaraq qala qapısından yapışaraq yerindən çıxarmış və qalaya daxil olmağa şərait yaratmışdır.

Uzun illər İslama kölgə salmaq istəyənlər "elm və reallıq" adı altında həzrət Əlinin (ə) bir insanın qüvvəsi yetməyən ağır qala qapısını yerindən qoparmasını xurafat və çəfəngiyyat kimi təqdim etmişlər. Bəs görəsən, bu həqiqətdirmi? Bir insanın belə bir qüdrəti ola bilərmi?

Keçək mətləbə. Əvvəlcə 1500 il bundan əvvəl tikilmiş Xeybər qalasını və onun qapısını anoloji olaraq təhlil edək. O dövrdə dünyanın ən geridə qalmış yerlərindən hesab olunan Ərəbistan yarımadasında qalalar əsasən preslənmiş (yoğrulmuş) torpaqdan və torpaq aralarına qoyulan ağaclardan tikilirdi. Divarların alt hissəsi yağış və sel sularından yuyulmasın deyə yenə də palçıqla bərkidilmiş daşlardan ibarət olurdu.

Qala divarlarının hündürlüyü 3-4, bəzi yerləri 6 metr olurdu. Ağac kimi əsasən sidr, xurma kötüklərindən və xurma budaqlarından hörülmüş sərt kəndirlərdən istifadə olunurdu.

Xatırladım ki, "Xeybər" ərazinin adıdır, ümumilikdə Xeybərdə 3-4 bir-birinə yaxın belə qalalar var idi. Əgər kompleks şəklində götürsək, bu qalaları "bürclər" də adlandıra bilərik. Yəni burada müdafiə məqsədilə pərakəndə halda bir-birinə yaxın tikililərdən söhbət gedir.

Həzrət Əlinin (ə) fəth etdiyi qala "Qamus" adlanırdı. Xüsusilə vurğulayıram ki, söhbət 1500 il bundan əvvəl ən geridə qalmış Ərəbistan yaımadasından gedir.

İndisə gələk qala qapısının ölçü və çəkisinə

Gözümüzün önündə Bakı qalasının qapıları var. İçərişəhər "Qoşa qala" qapılarını nəzərdə tuturam. Qapının eni 2 metrdən bir az çox, hündürlüyü (tağı çıxmaq şərti ilə) 3 metrdir. Yəni bu qapı bir arabanın keçməsi üçün nəzərdə tutulub. Daha sonra Şuşa qalasının qapısına baxaq. Eyni ölçü. Dərbənd qalasının, Gənçə qalasının qapılarına baxaq. Demək olar ki, yarım metr fərqlə eyni ölçülərdir. Bir arabalıq keçid.

İkinçi bir detal odur ki, qala qapıları mütləq surətdə 2-taylı olur. Bu onun bağlanıb-açılmasını tezləşdirmək və arxadan daha möhkəm bağlanmağı üçündür.

Bütün bu qalalar 16-19-cu əsrləri əhatə edir. Amma bizim Xeybər qalamızın tikintisi 6-7-ci əsrləri əhatə edir. İndi özünüz fikirləşin: eni 2, hündürlüyü 3 metr olan ağac konstruksiyalı bir qapı bəzi adamların qeyd etdiyi kimi 80-200 ton ola bilərmi?

İnsan nə qədər gerizəkalı olmalıdır ki, ən geridə qalmış, özünü yalnız silahları qılınc, ox, nizə olan bədəvi qəbilələrdən qoruyan yəhudilərin tikdiyi qalaların qapısını 80-200 ton olan monument hesab etsin. Özdə həmin iddiaçı utanmadan bu barədə yüzlərlə rəvayət var desin. Buyurun bəylər, o rəvayətlərdən çox demirən beşini təqdim edin.

Hələ muasir ölçülərin o cümlədən "tonun" 20-ci əsrdə meydana gəldiyini demirəm... Əslində, bu qalaların qapısı orta hesabla 300-600 kq. olaraq qəbul edilə bilər. Bu, qoşa halda təsəvvür (ehtimal) edilən çəkidir. Həmin qapıların bir tayı isə ehtimalən 150-300 arasında dəyişə bilər.

Bütün bunları deməklə əsla həzrət Əlinin (ə) Xeybər qapısını yerindən çıxarıb kənara atmasını adi bir iş hesab etmirəm. Bu, həqiqətən, bir möcüzə idi. Bir insanın ən azından 300 kq. ağırlığı qaldırması hazırdakı dünya rekordundan 50-60 kq. çoxdur. Özü də elə bir şəraitdə, ox yağışı altında xəndəkdən adlayaraq Həzrət Əlinin (ə) bu işi görməsi və min ildən çoxdur bu qəhrəmanlığın kitabdan-kitaba düşməsi, şairlərin şerinə hopması bu əməlin xaruqaladə bir əməl olmasına sübutdur.

Bütün bunları deməkdə məqsədim odur ki, istənilən möcüzə və kəramət qanunauyğunluğa əsaslanır. İslam teologiyasında möcüzə mümkün və mahal (qeyri-mümkün) olaraq təsnifatlanır.

Məsələn, səbəb-nəticə qanunlarına tabe olan maddi dünyamızda dəvəni iynənin deşiyindən keçirmək olmaz. Quran bu misalı qeyri mümkün hal olaraq çəkir (bax: Əraf 40), yaxud kişi uşaq dünyaya gətirə bilməz. Amma hansısa canlının öz formasını dəyişməsi (mutasiya), yaxud bir qadının ərsiz uşaq dünyaya gətirməsi (bax: məryəm surəsi) mümkündür.

Nəzərə almaq lazımdır ki, möcüzə göstərən, möcüzəni reallaşdıran Allahdır. Allah isə Özü Öz qanunlarının əksinə hərəkət etməz!!! Çünki bir qanunun əksinə olunan hərəkət həmin qanunun naqis və zəif olmasına dəlalət edər.

Bu isə nizamın naqisliyinə, sonda Allahın əməllərinin nöqsanlığına gətirib çıxarar. Amma Allah kamil yaratdığı bir qanunun daha geniş imkanlarından yeri gələndə istifadə edə bilər. Biz insanlar elmin, tərəqqinin bu qədər inkşafına baxmayaraq, hələ də hər bir əşyanın tam potensialının nə olmasını bilmirik. Amma Allah bilir!!! Allahın üzərindən möcüzə reallaşdırdığı insanlar isə müqəddəs insanlardır. Yalnız bu insanların həmin potensialı reallaşdırmağa qüdrəti var.

Həzrət Əli (ə) də bu insanlardan biridir. Bu hadisədə də Əlinin (ə) 80-200 ton qaldırması mahaldır (qeyri-mümkün). Amma 300-600 kq. qaldırmağı mümkündür. Bu mümkün halın özü sıradan bir hadisə olmadığı üçün qeyri-adi və fövqəlbəşər bir haldır.

Xüsusi bir məsələni diqqətinizə çatdırım!

İslam düşmənləri inanclıların inancından sui istifadə edərək bəzi məsələləri əvvəl şişirdir, sonra isə elə həmin məsələ ilə İslamı və müsəlmanları gic yerinə qoymaq istəyirlər. Halbuki, səfeh onların özləridir!

Xeybər məsələsində də yəhudilərin "əməyi" az olmayıb. Hətta Xeybər qalasının saxta 6-7 metrlik qapısını düzəldərək (guya bərpa edərək) Fransa muzeyinə qoymuş və bununla da Əlinin (ə) şücaətinə kölgə salmağa çalışmışlar.

Xeybər yəhudilərin ağrılı yeridir. Xeybər imanın qələbəsi, küfrün məhv olma simvoludur. Bəzi nadanlar və "intelligentlər" məsələnin mahiyyətinə varmadan müsəlmanları qınayır və xurafata inandıqlarını deyirlər. Halbuki xurafatın nə olmasını din ayırd edir.

Dini savadsızlıq, qərəz və şeytani vəsvəsə belə insanları gülünc vəziyyətinə qoyur. “Qoyun ili qaz bürcündən” olan belə "bəylərimizə" səslənirəm ki, dini mövzulara nüfuz etməsinlər. Hər sahənin mütəxəssisi olduğu kimi, dinin də öz mütəxəssisi var. Dinin mahiyyətini, mistik təfəkkür tərzini düzgün mənimsəmək üçün elmlə bərabər iman da lazımdır.

Adam bilmədiyini gərək inkar etməsin. Həzrət Əli (ə) buyurur ki, "İnsan bilmədiyinin düşmənidir".

Hətta Ömər Xəyyam da bu işin tək ağıla əsaslanmadığını deyir:

Bilinməz nə vaxtdan hərlənir bu tas, Nə zaman pozular bu gözəl əsas, Belə nazik fikri dərindən duyub, Ağıl ölçüsüylə dərk etmək olmaz.

Səyavuş Yəhyayev. İlhahiyyat elmləri üzrə magistr, hüquqşünas