Xanım Məsumənin (ə) mübarək mövlud günü

Xanım Məsumənin (ə) mübarək mövlud günü

MÜBARƏK adı: Fatimə

Ləqəbləri: Məsumə, Əhli-beyt Kəriməsi, Sitti, Fatimeyi-Kubra

Atası: Yeddinci imam Musa ibn Cəfər (ə)

Anası: Nəcmə xatun (imam Rizanın (ə) anası)

Doğulduğu il: 173-cü hicri-qəməri ili

Doğulduğu ay: Zilqədə ayının biri

Doğulduğu yer: Mədinə şəhəri

Vəfat etdiyi il: 201-ci hicri-qəməri ili, iyirmi səkkiz yaşında

Vəfat etdiyi ay: Rəbiüs-sani ayının 10-u və ya 12-si.

Vəfat etdiyi yer: Qum şəhəri.

201-ci hicri-qəməri ilində yəni imam Rizanın (ə) Mərvə sürgün edildiyindən bir il sonra Həzrət Fatimeyi-Məsumə (ə) öz qardaşları ilə birlikdə imamı və qardaşı imam Rizanı (ə) görmək və beyətini təzələmək üçün yola düşdü. Savə şəhərinə çatanda bir dəstə Əhli-beyt düşməni və Abbasi hökumətinin məmurları xanımın tərəfdarlarına hücum etdilər.

O Həzrətin karvanından 23 nəfər şəhid oldu. Tədqiqatçı alim Cəfər Mürtəza Amilinin nəzərinə əsasən həzrət Məsumə (ə) da bir əhli-beyt düşməninin əli ilə zəhərləndi. Ətrafdakıların şəhadəti, xanımın özünün zəhərlənməsi Quma dönməsinə səbəb oldu (ümumiyyətlə Abbasi hakimiyyəti imamı görməyə gedən bütün karvanları təzyiqə məruz qoyurdu.

Əvvəldə qeyd etdiyimiz kimi Qum əhli-beyt tərəfdarlarının pənahgahı idi və xanım da oraya getməyi məsləhət gördü). Xanım buyurdu: "Məni Qum şəhərinə aparın, çünki atamın belə buyurduğunu eşitdim: Qum şəhəri bizim tərəfdarlarımızın mərkəzidir."

Beləliklə, karvan Quma tərəf hərəkət etdi. Qum şəhərinin böyükləri xanımın Quma gəlməsini eşitdikdə şad oldular və o Həzrətin görüşünə çıxdılar.

Əşəri sülaləsinin böyüyü Musa ibn əl-Xəzrəc o alicənab qadının dəvəsinin yüyənindən tutub aparmağa başladı. Xanım camaatın gurultulu şad səs-küyü hərə daxil oldu və Musa ibn əl-Xəzrəcin evində onun üçün ayrılmış mənzilə yerləşdi.

Xanım on yeddi gün vilayət və imamət şəhəri olan Qumda ibadətə və itaətə, Allah-Təala ilə minacata məşğul oldu. O Həzrət bərəkətli ömrünün son günlərini də böyük Yaradanın hüzurunda ibadətlə keçirtdi.

Lakin Fatimə (ə) nəslindən olan belə fəzilətli bir xanımın şəhərə gəlməsindən sevinən ürəklər tezliklə qəm-qüssəyə qərq oldu və müqəddəs xanımın vəfatı əhli-beyt aşiqlərini hüznə, əzaya və matəmə qərq etdi.

Xanımın belə tez və qəfil ölümü əvvəlcə qeyd etdiyimiz kimi Savə şəhərində bir düşmən qadının vasitəsi ilə zəhərlənməsi və təzyiqdən yaranmış narahatlıq nəticəsində idi və bu qəbul edilə biləcək səbəbdir. O Həzrət bir baxışdan həzrət Zeynəbə (ə) bənzəyirdi.

Çünki Yəzid imam Hüseyni (ə) mənfi çöhrə kimi tanıtmaq istədikdə Həzrət Zeynəb (ə) öz əsirliyi, nitqi və Yəzidin nöqsanlarını söyləməklə onu ifşa etdi və həqiqəti xalqa çatdırdı.

Həzrət Məsumə də (ə) ona bənzər bir iş gördü. Çünki Məmun imam Rizanı (ə) zorla Xorasana aparmış, lakin xalqın gözündə imama çox ehtiram göstərdiyini nümayiş etdirmişdi.

Həzrət Məsumə (ə) öz gəlişi ilə Məmunun imamı zorla apardığını ifşa etdi. Xanım vəfat etdi. Ona qüsl verib, kəfənə bürüdülər, lakin dəfn etmək istədikdə gördülər ki, xanımı dəfn etmək üçün ona məhrəm olan kimsə yoxdur.

Çox götür-qoydan sonra Qadir adlı təqvalı və pak bir qocanı bu iş üçün məsləhət gördülər. Lakin nə Qadir, nə də başqa mömin və saleh müsəlmanlar bu əzəmətli xanımı dəfn etməyə layiq deyildilər.

Çünki əhli-beytin (ə) Məsuməsini məsum imam dəfn etməli idi. Camaat həmin saleh qocanın gəlməsini gözləyirdi ki, birdən qumsallıqdan iki süvarinin onlara tərəf gəldiyini gördülər.

Cənazəyə çatanda atdan düşüb, cənazəyə namaz qıldılar və Rəsulallahın (s) reyhanəsinin pak cismini əvvəlcədən hazırlanmış sərdabədə dəfn etdilər.

Sonra isə heç kimlə bir kəlmə də kəsmədən atlarına minib getdilər və onları heç kəs tanımadı. Ayətullah Fazil Lənkəraninin fikrincə o iki nəfərin məsum imam olmaları heç də zəif fikrə oxşamır.

Dəfndən sonra Musa ibn əl-Xəzrəc qəbrin üzərində həsirdən bir kölgəlik düzəltdi. O kölgəlik imam Cavadın (ə) qızı həzrət Zeynəb (ə) qəbrin üzərində kərpicdən bir türbə düzəldənə qədər dururdu.

Xanım Məsumənin (ə) məqbərə kompleksi – Qum

Həzrət İmam Museyi-Kazımın (ə) qızı və İmam Rzanın (ə) bacısı Xanım Məsumənin (ə) məqbərəsi Qum şəhərinin mərkəzində yerləşir.

Qeyd edək ki, bu müqəddəs ziyarətgah kompleksi İslam mədəni bölgəsinin nəfis sənət və memarlıq nümunəsi xəzinələrindən hesab olunur. Buranın ən qədim tarixi əsəri Elxanilər (XIII əsr) dövrünə təsadüf edir.

İmam Rzanın (ə) bacısı Xanım Məsumə (ə) Əhli-Beyt (ə) mənsublarına edilən təqiblər nəticəsində Mədinə şəhərini tərk edərək qardaşı İmam Rza (ə) ilə görüşmək üçün Mərv şəhərinə doğru yollanır. O Xanım (ə) Qum yaxınlığında xəstələnir və Xanımı (ə) Quma çatdırırlar. Lakin çox keçmir ki, Xanım Məsumə (ə) dünyasını dəyişir və oradaca dəfn edilir, bir müddət sonra isə qəbri üzərində məqbərə kompleksi ucaldılır. O vaxtdan həmin məqbərə Əhli-Beyt (ə) aşiqlərinin ziyarət məkanına çevrilir.

Xanım Məsumənin (ə) ziyarətgah kompleksi Hicri tarixi ilə II əsrin sonunda yaradılır. Əvvəlcə sərdabə şəklində olan məqbərə getdikcə genişləndirilir və burada böyük məqbərə kompleksi yaradılır. 1135-ci ildə sərdabənin üzərində günbəz düzəldilir. Hazırdakı məqbərə kompleksi isə 1515-ci ildə Şah İsmayıl Səfəvinin əmri ilə tikilir.

Xanım Məsumənin (ə) məqbərəsi ətrafında məşhur din alimləri, müctəhidlər və ariflərin, o cümlədən ədib və şairlərin qəbirləri vardır. Məşhur "Feyziyyə" mədrəsəsi və "Əzəm" məscidi Xanım Məsumə (ə) məqbərəsinin yanında inşa edilmiş ən möhtəşəm tarixi abidələrdəndir. Ənənəyə görə, Həzrət İmam Rzanı (ə) ziyarət etməzdən əvvəl ziyarətçilər Quma gəlib Xanım Məsumənin (ə) məqbərə kompleksini ziyarət edirlər. Elə bu ziyarət kompleksinin şəninə həmin yerdə böyük şəhər – Qum şəhəri ərsəyə gəlmişdir. Burada çoxlu dini təsisatlar, xüsusilə dini-elmi hövzələr – İslam elmlərini tədris edən akademik təhsil ocaqları yaradılmışdır.

Hazırda Xanım Məsumə (ə) ziyarətgah kompleksində bir neçə məscid və böyük mədrəsə fəaliyyət göstərir. Bu mədrəsədə dünyanın əksər ölkələrindən, o cümlədən də Azərbaycandan gəlib dini elmlər sahəsində təhsil alan tələbələr var. Günümüzdə Qum şəhəri şiə müsəlmanların dini-elmi mərkəzlərindən hesab edilir.