Təvəssül nədir?

Təvəssül nədir?

 Müsəlmanlar arasında məşhur dini maarifdən biri də bir sıra maddi və mənəvi problemlərin həlli üçün Peyğəmbərlər, məsumlar (ə) və saleh insanlara "təvəssül" edilməsi məsələsidir.

IQNA-nın məlumatına əsasən, Müsəlmanlar arasında məşhur dini maarifdən biri də bir sıra maddi və mənəvi problemlərin həlli üçün Peyğəmbərlər, məsumlar (ə) və saleh insanlara "təvəssül" edilməsi məsələsidir.

Bu məsələdə vəhabi-sələfilərin ideoloji rəhbəri olan İbn Teymiyyə (1263-1328) və onun şagirdlərinin yaşadığı dövrədək müsəlmanlar arasında heç bir ixtilaf olmayıb.

Təkcə İbn Teymiyyə və şagirdləri, müasir dövrdə isə imperialist qüvvələrin müsəlmanları parçalamaq üçün yaratdığı "vəhabi-sələfi" təriqəti "təvəssül" etməyi, yəni Peyğəmbərin (s) və saleh insanların vasitəsi ilə Allahdan bir şey istəməyi şirk və bidət hesab edirlər. Onlar güman edirlər ki, təvəssül ölüdən imdad diləməkdir, ölmək yox olmaq deməkdir və yox olan bir kəsi çağırmaq haramdır.

Vəhabi-sələfi şeyxlərindən başqa, bütün müsəlman alimləri heç vaxt saleh insanlar vasitəsi ilə Allaha təvəssül etməyi yanlış bir iş hesab etməyiblər, hətta əməldə və sözdə buna təkidlə tövsiyə ediblər.

Biz müsəlmanlar vəhabi-sələfilərin əksinə olaraq inanırıq ki, insan ölməklə "yox"a çevirilmir, çünki insanın mahiyyətini "ruh"dur və ruh ölmür, sadəcə bizim gözümüzün və qulağımızın görə və eşidə bilmədiyi digər bir dünyaya köçür və orada yaşayır. Biz təvəssül etdiyimiz zaman isə müqəddəs ruhlar, yəni saleh insanlar bizim çağırışımızı eşidir və bizim dualarımızın qəbulu üçün İlahi dərgaha dua edirlər.

Təvəssül hər hansı bir əməli etmək və ya hansısa bir şəxsi çağırmaq vasitəsi ilə Allaha yaxınlaşmaq, bununla da hansısa mənəvi və ya maddi problemi həll etmək cəhdidir.

Təvəssül edən şəxs öz istəklərini qəbirdəki cəsəddən deyil, məzarın mənsub olduğu saleh insanın həqiqətindən, yəni Allah qatında yaşamaqda olan ruhundan istəyir.

Təvəssüldə təvəssül olunan kəsin ən yüksək kamal mərtəbələrinə çatması, istək və hacətin yaradılış nizamı və dini maarif ilə ziddiyyət daşımaması şərtdir.

Təvəssülün şəfaət ilə fərqi bundadır ki, təvəssül dünyada sıravi insanlar tərəfindən Allah dostlarına edilir, şəfaət isə axirətdə Allah dostları tərəfindən günahkarlar barədə edilir. Bəzi alimlərin isə dünyadakı təvəssülün də bir növ şəfaət mənasında olduğunu deyirlər. Yəni məsumlar (ə) və Allah dostları Allah-Taaladan sıradan günahkar insanların problemlərinin həll edilməsini istəyirlər. Başqa sözlə Qiyamət günü peyğəmbərlər və övliyalar insanın günahının bağışlanması üçün vasitəçilik etdikləri kimi, dünyada da insanların problemlərinin həlli üçün vasitəçilik edirlər.

Bir məqamı da vurğulamaq lazımdır ki, təvəssül olunan kəslər, yəni Həzrət Peyğəmbər (s) və onun Əhli-Beytindən kamala və Allaha ən yaxın məqamlara çatmış şəxslər özləri yaradılış aləminə hansısa təsiri göstərərək insanın problemləri həll etmirlər, onlar sadəcə Allaha ən yaxın kəslər kimi insanın dua, istək və hacətlərinin həyata keçməsi üçün Allaha dua edirlər.

Təvəssül bu mənasına Qurani-Kərimin Bəqərə surəsinin 126, 129, İbrahim surəsinin 41, Yusif surəsinin 97, Ğafir surəsinin 8-13, İsra surəsinin 57, Nisa surəsinin 64, Maidə surəsinin 35, Nur surəsinin 62, Münafiqun 5 və Əəraf surəsinin 151-ci və 159-cu ayələrində işarə edilib.