Növrəstə İbrahimova: "Şəhidlərimiz qürurumuzdur"

Sentyabrın 25-də AİP Qadınlar Şurası (AİP), Əsgər Analarına Dəstək İctimai Birliyi, Qələmin Sədası və Fatimə Heyətinin təşəbbüsü ilə Kərbəla Şəhidlərinin Ərbəin Mərasimi və Əli Əsgərin Məclisi baş tutub.

Vetenugrunda.az-a verilən məlumata görə tədbiri AİP Qadınlar Şurasının sədri, ilahiyyatçı Növrəstə İbrahimova açaraq Kərbəla Məktəbinin mübarizə tarixindən, Kərbəla və Qarabağ Şəhidlərindən danışıb. Məclisdə Quran oxunub. Betul xanım İlahi nəğmələr, mərsiyyələr və dini şeirlər səsləndirib. Şəhid Sənan Abdullayevin, Əsəd Əsədovun, Rəşid Həmidovun, Fərid Əsgərovun, Səbuhi Sadıqovun anaları tədbirdə iştirak edib. Şəhid anaları çıxış edərkən övladlarının vətənə, Kərbəla Məktəbinə bağlılığından danışıblar.

İlahiyyatçı Növrəstə İbrahimova çıxışı zamanı məzlumun yanında, zalımın qarşısında olan Kərbəla Məktəbinin yetirmələrinin haqsızlıqlara məruz qaldıqlarını dilə gətirib. O, Qarabağ müharibəsindən danışarkən bildirb ki, Şəhidlər qürur mənbəyimizdir: "Şəhidlərimizlə qürur duyuram. Torpağı qanı ilə yoğurub Vətən düzəldən Şəhidlərimizin ruhu və onları boya başa çatdıran analarının qarşısında baş əyirəm".

Növrəstə İbrahimova Şəhid analarının əllərindən öpərək bildirb ki, işğalda olan doğma yurdu Zəngilan və bütün torpaqlarımızın azadlığını hər zaman arzulayıb. Bu gün bu arzusuna onu çatdıran Şəhidlərin analarının əllərindən öpərək onlara təşəkkür etdi.