Mövlud mərasimləri keçirildi

Mövlud mərasimləri keçirildi

Ötən həftə dünyanın müxtəlif ölkələrində 12-ci imam Həzrəti Mehdi (ə)-ın mübarək mövlud günü qeyd edildi.

İnanclı insanlar müxtəlif mərasimlərlə bu mövludu qeyd edib.

Qeyd edək ki, Xristianlar xilasedici kimi Hz.İsanı (ə) görür və onun zühur edəcəyinə şübhə etmirlər. Müsəlmanlar da İsa peyğəmbərin (ə) zühuruna mütləq olaraq inanırlar, amma bir qədər fərqli.

Dini qaynaqlarımıza istinad edib söyləyə bilərik ki, o islahedici 12-ci imam Həzrəti Mehdi Sahib əz-Zaman əleyhissəlamdır. Məhz, o gün - İmamın (ə) qiyama qalxdığı gün zülmət gecənin sonu olacaq. “İslam dini bütün dünyaya hakim olacaqdır”. (Saf-9).

Yaradılışın əsas xüsusiyyətlərindən biri və ən əsası kainatda hər şeyin müvəqqəti olmasıdır. Əbədi heç nə yoxdur. Yaranmışların bir gün həyat kitabının bağlanacağı, ayrı bir aləmə köçəcəyi qaçılmazdır. Dini qaynaqlara görə, min ildən artıqdır ki, dünyadan aparılmayan bir şəxs vardır və o, qiyamətə yaxın zühur edəcəkdir. Bu, 12-ci imam Həzrəti Mehdi Sahib əz-Zamandır (ə) ki, hər il hicri-qəməri tarixi ilə Şaban ayının 15-də yalnız mövlud günü qeyd olunmaqdadır.

Atası 11-ci imam Həsən əl-Əsğəri (ə), anası Roma imperatorunun qızı Nərgiz xanımdır. Əsl adı Məlika (Məleykə) olsa da, sonralar Nərgiz (ərəbcə tələffüzdə Nərcis) adlandırılımışdır. Dini qaynaqlarda (bir çox səhih hədislərdə) bildirilir ki, Nərgiz xanım röyada ikən Xanım Fatimeyi-Zəhranın (ə) önündə şəhadət gətirərək islamı qəbul edib.

(Ümumiyyətlə, onun əsir düşməsi, evlilik tarixçəsi olduqca maraqlı və hikmətlərlə doludur, eyni zamanda ayrı bir mövzudur). Mənbələrdə təsdiqlənir ki, Nərgiz xanımın (Hz.Mehdiyə) hamiləliyi (Hz.İsanın anası Məryəm xanım kimi) bilinməmişdir. Burada da rəmzi oxşarlıq vardır.

Dini mənbələrdə daha çox Mehdi Sahib əz-Zaman (ə) adı ilə tanınan 12-ci İmam Məhəmməd ibn Abdullahın (ə) iki dəfə qeybə çəkildiyi bildirilir. Onun birinci qeyb dövrü “qeybəti-suğra” (kiçik qeyb), ikinci dövrü isə “qeybəti-kubra” (böyük qeyb) adlanır və zamanımızadək davam etməkdədir.

İraqın Samarra (Samirə) şəhəridnə dünyaya göz açan 12-ci imam (ə) beş yaşında olarkən atası vəfat edib və imamlıq ona yetişib.

Tarixdən məlum olduğu kimi, Bəni Abbasilər hakimiyyətə gəldikdən sonra onlar möminlərlə mübarizəyə qalxırlar. Bu ərəfədə həyatı təhlükə qarşısında qalan 12-ci imamın (ə) Allahın izni ilə Samarra məscidinin kənarındakı quyuda qeybə çəkildiyi bildirilir. Bu kiçik qeyb dövrü təxminən, 69-70 il çəkib. (Onun həqiqətən də bu illər ərzində quyuda, yaxud da quyudan kənarda olduğu haqda heç bir mənbədə rast gəlinmir).

Bir sıra mənbələrdə bildirilir ki, İmam (ə) qeybə çəkilən zaman özü ilə iki yazılmış Quran və Həzrəti Əlinin (ə) “Zülfüqar”nı aparıb. Iddia edilir ki, məhz bu qılınc hərəkətə gəldiyi zaman o (ə), zühur edib qiyama qalxacaqdır. Məhşur künyəsi (ləqəbləri) Mehdi, Qaim, Hüccət, Bəqiyyətullahdır.