İmam Həsən (ə) haqqında bir neçə hədis 

İmam Həsən (ə) haqqında bir neçə hədis 

İmam Həsənin (ə) bir neçə xüsusiyyəti haqqında bir neçə hədis 

İmam Sadiq (ə) buyurur:

إنَّ الحَسَنَ بنَ عَلِيٍّ (ع) قاسَمَ رَبَّهُ ثَلاثَ مَرّاتٍ، نَعلاً ونَعلاً، وثَوبًا وثَوبًا، ودينارًا ودينارًا.

"Həsən ibn Əli (ə) (həyatda) üç dəfə bütün var-yoxunu – ayaqqabı, paltar və qara-quruşa qədər Allah yolunda (camaata) böldü." ("Ət-təhzib", 5-ci cild, səh.11, hədis 29.)

Abdullah ibn Übeyd ibn Ümeyrdən belə nəql olunur:

لَقَد حَجَّ الحَسَنُ بنُ عَلِيٍّ (ع) خَمسًا وعِشرينَ حَجَّةً ماشِيًا، وإنَّ النَّجائِبَ لَتُقادُ مَعَهُ.

"Həsən ibn Əli (ə) həccə iyirmi beş dəfə piyada getmişdir, halbuki onun karvanında əsl ərəb atları hərəkət edirdi.” ("Əl-müstədrəkü ələs-səhiheyn", 3-cü cild, səh.185, hədis 4788.)

Zəməxşəri yazır:

رُئِيَ الحُسَينُ بنُ عَلِيٍّ (ع) يَطوفُ بِالبَيتِ، ثُمَّ صارَ إلَى المَقامِ فَصَلّى، ثُمَّ وَضَعَ خَدَّهُ عَلَى المَقامِ فَجَعَلَ يَبكي ويَقولُ: عُبَيدُكَ بِبابِكَ... سائِلُكَ بِبابِكَ مِسكينُكَ بِبابِكَ. يُرَدِّدُ ذلِكَ مِرارًا.

"(Bir dəfə) Həsən ibn Əli (ə) Allahın evini təvaf edərkən "məqam”ın arxasına gedib namaz qıldığını, sonra üzünü "məqam"a qoyub ağlayaraq belə dediyini görmüşdülər: "Sənin kiçik bəndən dərgahına gəlmişdir..., qulun dərgahına gəlmişdir, fəqir bəndən dərgahına gəlmişdir." O, beləcə bu zikrləri dəfələrlə təkrar edirdi." ("Rəbiül-əbrar", 2-ci cild, səh.149.)

رُوِيَ أنَّ الحَسَنَ بنَ عَلِيٍّ (ع) كانَ يَجلِسُ إلَى المَساكينِ، ثُمَّ يَقولُ: «إنَّهُ لا يُحِبُّ المُستَكبِرينَ».

Nəql olunur ki, Həsən ibn Əli (ə) yoxsullarla birgə oturar, sonra "Allah təkəbbür edənləri sevmir!" – ayəsini ("Nəhl", 23.) tilavət edərdi." ("Əl-ümdə", səh.400, hədis 812.)

رُوِيَ أنَّهُ مَرَّ الحَسَنُ بنُ عَلِيٍّ (ع) عَلى فُقَراءَ وقَد وَضَعوا كُسَيراتٍ عَلَى الأَرضِ وهُم قُعودٌ يَلتَقِطونَها ويَأكُلونَها، فَقالوا لَهُ: هَلُمَّ يَا بنَ بِنتِ رَسولِ‏اللّهِ إلَى الغَداءِ. قالَ: فَنَزَلَ وقالَ: إنَّ اللّهَ لا يُحِبُّ المُستَكبِرينَ، وجَعَلَ يَأكُلُ مَعَهُم حَتَّى اكتَفَوا وَالزّادُ عَلى حالِهِ بِبَرَكَتِهِ، ثُمَّ دَعاهُم إلى ضِيافَتِهِ وأطعَمَهُم وكَساهُم.

Nəql olunur ki, İmam Həsən ibn Əli (ə) yerdə əyləşib qarşılarına çörək tikələrini qoyub yeyən bir qrup yoxsulun yanından keçirdi. Onlar o Həzrətə dedilər: "Ey Peyğəmbərin nəvəsi, buyurun!" Həzrət onların yanında əyləşib buyurdu: "Allah-Taala təkəbbür edənləri sevməz." Həzrət də onlarla birgə yeməyə başladı. Hamı yeyib doysa da, lakin o Həzrətin bərəkətilə hələ də çörək tikələri azalmamışdı. Sonra Həzrət onları qonaq dəvət edib, hamısını doyuzdurdu və libasla təmin etdi." ("Əl-mənaqib", İbn Şəhr Aşub, 4-cü cild, səh.23.)

رُوِيَ أنَّهُ جَنى غُلامٌ لِلحَسَنِ بنِ عَلِيِّ بنِ أبي طالِبٍ (ع) جِنايَةً توجِبُ العِقابَ، فَأَمَرَ بِهِ أن يُضرَبَ، فَقالَ: يا مَولايَ «والكاظِمينَ الغَيظَ». قالَ: خَلّوا عَنهُ. قالَ: يا مَولايَ «والعافينَ عَنِ النّاسِ». قالَ: قَد عَفَوتُ عَنكَ. قالَ: يا مَولايَ «واللّهُ يُحِبُّ المُحسِنينَ». قالَ: أنتَ حُرٌّ لِوَجهِ اللّه، ولَكَ ضِعفُ ما كنتُ اُعطيكَ.

Nəql olunur ki, İmam Həsənin (ə) qulu cəzaya layiq bir günah etmişdi. Həzrət onun cəzalandırılmasına göstəriş verdikdə, o dedi: "Ey mənim sərvərim, "vəl-kaziminəl-ğəyzə" (öz qəzəblərini söndürənlər)." Həzrət buyurdu: "Əl saxlayın." O dedi: "Ey mənim sərvərim, "vəl-afinə əninnas" (camaatın səhvini bağışlayarlar)." Həzrət buyurdu: "Səni bağışladım.” O dedi: "Ey mənim sərvərim, "vəllahu yuhibbul-muhsinin" (Allah yaxşı iş görənləri sevir)." ("Ali-İmran", 134.) Həzrət buyurdu: "Artıq Allah yolunda azadsan və bundan sonra sənin zəhmət haqqını ikiqat etdim!" ("Əl-fərəcü bədəş-şiddət", 1-ci cild, səh.101.) (maide.az)