Allah bu cür insanları öz başına buraxırmı?

Allah bu cür insanları öz başına buraxırmı?

Allahım, məni cəzanla tərbiyə etmə!

Bəzi orta möminlər özlərini əməli olaraq tərbiyə etməzlər və İlahi hədləri aşarlar. Bu insanlar o kəslərdir ki, İlahi hədləri tanıyırlar, ancaq İlahi rəftara malik deyildirlər. "Kim Allahın hüdudlarından kənara çıxsa, həqiqətən, özünə zülm etmiş olar". ("Təlaq" 1).

Bəs Allah bu cür insanları öz başına buraxırmı?

Cavabında gərək deyək ki, xeyr. Allahın lütfü, kərəmi və inayəti sayəsində o kəslər ki, tövhid vadisinə qədəm basıblar, Allah onları öz başlarına buraxmaz. Allah onları tərbiyə edər. Lakin bir fərqlə ki, onların tərbiyəsi İlahi övliyaların və vacibatları yerinə yetirənlərin tərbiyəsindən başqa cür olar. Allah hər iki dəstəni tərbiyə edər, ancaq müxtəlif yollarla.

Uca Allahın iki cür tərbiyəsi vardır. Onların bir dəstəsi o möminlərə aiddir ki, özlərinin islahı ilə məşğuldurlar. Başqa bir dəstəsi o möminlərə aiddir ki, ədəbsizdirlər və Allahın hədlərinə əməl etmirlər. Allah bu insanları bəla vasitəsilə tərbiyə edər.

İmam Əli (ə) buyurur: "Zalım üçün bəla – ədəbdir"

Burada zalım dedikdə, o kəslər nəzərdə tutulur ki, İlahi hədlərə əməl etmirlər, nəinki insanlara zülm edir və onların malını qarət edirlər.

Hər bir halda bu dəstə də zalım adlanır. Zalımların bəzisi, təəssüf ki, möminlərin zümrəsindəndirlər. Bəziləri isə iman dairəsindən xaric olmuşdular. Allah o zalımları tərbiyə edər ki, öz nəfslərinə qarşı zülm ediblər.

Bu insanların tərbiyəsi bəla və müsibət vasitəsilə olar.

İmam Hüseyn (ə) Uca Allaha dua edən zaman buyurur: "Allahım, məni ehsanına görə istidrac vadisində qərar vermə".

İstidrac o mənadadır ki, insan dəfələrlə günah edər, Allah da ona dəfələrlə nemət nazil edər. Ona tövbəni unutdurar. Əgər Allah kiminləsə bu cür rəftar edərsə, o insan heç bir zaman tərbiyə olmaz. Çünki Allahın tərbiyə üsullarından biri – insanları cəzalandırmaqdır.

Həzrət İmam Hüseyn (ə) sonra buyurur: "Allahım, məni bəla ilə ədəbləndirmə".

İmam (ə) buyurur ki, Allahım! Nə elə bir iş gör ki, həmişə qəflətdə qalım, nə də məni bəla ilə ayıltma. Çünki mənim Sənin bəlana dözümüm yoxdur.

Bəli, Allah bəndələrini tərbiyə edir. Ancaq bu tərbiyənin şamil olduğu iki mömin dəstəsi vardır ki, onlardan biri İlahi hədləri tanıyır və onu aşmırlar. Ancaq o biri dəstə bu hədləri tanısa da, onu aşırlar və itaətsizlik edirlər. Ona görə də Allah bu iki dəstəni müxtəlif cür tərbiyə edir.

Birinci dəstənin qəlbini və ruhunu əlinə alaraq, onların tərbiyəsi ilə Özü məşğul olur. İkinci dəstəni tərbiyə etmək üçün isə onlara bəla və müsibət göndərir. (Həvzəh) (deyerler.org)