Xalq Şəhidlərimizlə vidalaşır-16 Noyabr döyüşü

Xalq Şəhidlərimizlə vidalaşır-16 Noyabr döyüşü

Noyabrın 16-da Azərbaycan torpaqlarında təxribat törədən Ermənistana qarşı döyüşlərdə ordumuzun 7 döyüşçüsü Şəhid olub, 10 nəfər yaralanıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib. Məlumatda deyilir: 

"Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun aşağıda adları göstərilən hərbi qulluqçuları Şəhid olub: 

leytenant Niftəliyev Ümüd Oruc oğlu

gizir Cabbarov Orxan Hətəm oğlu;

MAXE, kiçik çavuş Əliyev Natiq Yusif oğlu;

əsgər Ağayev Elçin Mərifət oğlu

əsgər Əlizadə Elmin Samir oğlu

əsgər Əliyev Elçin Ramil oğlu

əsgər Xəlilov Murad Qalib oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin! Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb. Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir. Ermənistanın təxribatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Xatırladaq ki, Ermənistanla dövlət sərhədinin Laçın-Kəlbəcər istiqamətində dünən günortadan başlayan və axşam saatlarına qədər davam edən şiddətli döyüşlərdə Azərbaycan ordusunun 7 hərbçisi şəhid olub, 10-u yaralanıb. Ermənistan ordusunun rəsmən açıqlandığı kimi, 13 hərbçisi əsir düşüb, 24-ü itkin düşmüş sayılır, 1 hərbçinin meyiti tapılıb.