Türkiyədə müalicə alan qazilərin sağlamlığı TƏHLÜKƏDƏDİR

Türkiyədə müalicə alan qazilərin sağlamlığı TƏHLÜKƏDƏDİR

"Artıq 1 ildir ki, Türkiyənin Bursa şəhərində müalicə alırıq. Son vaxtlar müalicəmizin xeyrini görməyə başlamışıq.

"YAŞAT" Fondu bura gələndə bizə vəd vermişdi ki, biz ayağa qalxana qədər müalicəmiz Türkiyədə davam etdiriləcək.

İndi isə bizim müalicəmizi yarım saxlayıb Azərbaycana geri qaytarmaq istəyirlər".
Bunu Türkiyədə müalicə alan qazi Elşən Xanəliyev yaydığı müraciətdə deyib. E. Xanəliyev həkimlərin verdiyi rəydən narazılığını ifadə edib:
"Bir ay bundan qabaq bura həkim gətirmişdilər ki, bizi müayinə eləsin, rəy bildirsin. Həkim gəldi bizimlə "salam-sağ ol" elədi, çıxdı getdi. Burdakı həkimlər rəy bildirir, hətta o həkimin rəyinə belə müdaxilə edirlər".

Vətən müharibəsi qazisi İsmayılov Ram Rəhman oğlu isə bildirir ki, türkiyəli həkimlərə məcburi raport yazdırırlar:

"Burdakı həkimlərə zəng vurub söyləyirlər ki, "raportda yazın ki, bunlar həddən artıq getməyəcək".

Biz həkimlərdən soruşuruq, həkimlər də deyir ki, "biz elə bir şey yazmamışıq, yazmayacayıq da. Bizi geri qaytarıb müalicəmizi Azərbaycanda davam etdirmək istəyirlər. Əgər bizim Azərbaycanda müalicəmiz var idisə, bura gəlmişik? Niyə burdayıq?"

Xatırladaq ki, ötən gün Türkiyədə müalicə alan qazilərlə bağlı xəbər vermişdik. Qazilər bildirib ki, "YAŞAT" Fondu onların Türkiyədəki müalicələrini dayandırıb, Azərbaycana gətirmək istəyir.

"YAŞAT" Fondundan isə şikayətlərə cavab olaraq bildirilib ki, ölkə xaricində müalicə həkim rəyi ilə müəyyən edildiyi kimi, geri dönüş və müalicənin davamının necə olacağı da yenə mütəxəssislərin rəyinə uyğun şəkildə həyata keçirilir.

Ağır yaralıların səhhəti kritik vəziyyətdən stabilə gətirildikdən, müsbətə doğru irəliləyiş müşahidə edildikdən və müalicənin Azərbaycanda davam etdirilməsinin mümkünlüyü təsdiqləndikdən sonra onların mərhələli şəkildə ölkəyə gətirilməsi həyata keçirilir. (yeniavaz)