Əsirlikdən gələn 2 əsgərimiz evlərinə buraxıldı

Əsirlikdən gələn 2 əsgərimiz evlərinə buraxıldı

Erməni əsirliyindən azad edilən əsgərlərimiz Bayram Kərimov və Amin Musayev də bu gün evlərinə buraxılıb.

Hər iki əsgərimiz öz yurdunda coşqu ilə qarşılanıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, onlar erməni əsirliyində işgəncə gördüklərini bildiriblər.

Sentyabrın 29-dan könüllü olaraq ordu sıralarına qoşulan Bayram Kərimov deyib ki, ermənilər onu toka veriblər və dubinka ilə döyüblər. Füzuli, o cümlədən Şuşanın kəndləri, Şuşa şəhəri uğrunda döyüşlərdə iştirak edən əsgərimiz bildirib ki, orduda hər kəsdə böyük ruh yüksəkliyi var idi.

O, Xankəndinin girişində yaralanıb. Bayram Kərimov yaralı döyüşçüləri çıxarrakən güllə ilə vurulub: 

"Qızğın döyüş gedirdi, yoldaşlarımın məni çıxarmağa imkanları olmadı. Bizi videoya çəkən ukraynalı jurnalist Aleksandr Xarçenkonu daha sonra görmədim.Gözümü açanda artıq Ermənistanda idim. Bizi aparan gündən işgəncə verdilər. Məni toka verirdilər, dubinka ilə döyürdülər, məlumat almaq istəyirdilər. Lakin mən heç nə bilmirdim və heç nə də demirdim. Gördülər ki, mən heç nə bilmirəm, ondan sonra əl çəkdilər. Bizi qaytarmağa son 10 gün qalmış artıq heç nə edilmədi, reanimasiyada 8 gün qaldım. Beynəlxalq Qırmızı Xaç Komitəsindən nümayəndələr dekabrın əvvəli gəlmişdilər, atamdan məktub gətirmişdilər. Ümidimi kəsmişdim. Prezidentimiz sağ olsun, bizi düşmən əlindən xilas etdi. Son anadək qayıdacağımızdan xəbərimiz yox idi. Mən yalnız Bakıda təyyarədən düşəndə artıq geri qayıtdığımızı bildim".