Şəhid Taleh Abdullayevin ad günüdür

Şəhid Taleh Abdullayevin ad günüdür

Bu gün Vətən uğrunda Şəhid olan əsgər Abdullayev Taleh Temraz oğlunun mübarək mövlududur.

Şəhid Taleh Abdullayev 8 fevral 1993-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 1999-cu ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin I sinfinə daxil olub, 2010-cu ildə həmin məktəbin XI sinfini bitirib.

2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, 2012-ci ildə hərbi xidməti başa vurmuşdur. 2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlayıb.

"N" saylı hərbi hissənin heyət nəfəri-atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu əsgər Taleh Abdullayev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına Şəhid olub.

Vətən uğrunda canından keçən şəhidimiz 15.10.2020-ci il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunub. Subay idi.

Taleh Abdullayev ölümündən sonra "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən Taleh Abdullayevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik.

Məzarında rahat uyu, ruhun şad olsun, qəhrəman şəhid, artıq doğma Qarabağımız azaddır, Vətən torpaqlarında üçrəngli bayrağımız dalğalanır.