Qarakilsədə başlayıb Xankəndində bitən ömür-Şəhid Fərhad Hümbətov

Qarakilsədə başlayıb Xankəndində bitən ömür-Şəhid Fərhad Hümbətov
10 sentyabr Şəhid Fərhad Hümbətovun mübarək mövlud günüdür. Vetenugrunda.az bu gün oxucularına Şəhidimiz haqqında məlumat verəcək. Fərhad Qəmbər oğlu Hümbətov 10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olub. 1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirib və Komanlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. Hərbi xidməti əvvəlcə Çitada, sonra isə Monqolustan Respublikasında keçirən Fərhad 1988-ci ildə İrkutsk şəhərində ordudan tərxis olunub. O zaman Hümbətovun valideynləri də digər azərbaycanlılar kimi tez-tez erməni təcavüzünə məruz qalır, təhlükə içərisində yaşayırdılar. O, bütün çətinliklərə baxmayaraq, doğma kəndinə qayıdır, ailəsini Bakıya köçürür. Bakı şəhəri Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlayır. Fərhad 1990-cı il 20 Yanvar faciəsi zamanı təsadüf nəticəsində sağ qalıb. Həmin gecə ağır texnika ilə şəhərə daxil olan Sovet qoşun hissələri heç kimə aman vermədən qarşısına çıxan hər şeyi əzib keçirdi. Fərhad bir az da ləngisəydi, tankın altında qalacaqdı. O, bu hadisədən sonra bir tankçı kimi Vətənin keşiyində durmağı qarşısına məqsəd qoyur və 1991-ci ilin oktyabr ayında cəbhəyə gedir. Könüllülərdən ibarət Şıx batalyonunun sıralarında döyüşə atılaraq, bir neçə kəndin azad olunmasında böyük şücaət göstərir. Fərhadın döyüş yolu çox çətin olub. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçib və düşmənin 5 postunu dağıdıb. Fərhad 1992-ci il 29 martda Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girib, yaralıları xilas edə bilsə də, özü qəhrəmancasına Şəhid olub. 7 iyun 1992-ci ildə o, “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilib. Binəqədi rayonunda qəhrəmanımızın adına park salınıb, büstü qoyulub.