Prezident Zəngilanda "Ağıllı kənd"in açılışını etdi: Zəngilanda hündürmərtəbəli bina olmayacaq

Prezident Zəngilanda "Ağıllı kənd"in açılışını etdi: Zəngilanda hündürmərtəbəli bina olmayacaq

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar.

Sonra dövlətimizin başçısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüblər.

Onlara Zəngilan şəhərinin Baş planı təqdim olunub.

Plana əsasən şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək.

Şəhərin planlaşdırılmasında tətbiq edilmiş "15 dəqiqəlik şəhər" yanaşması isə kompakt mərkəz və alt mərkəzlərin yaradılmasıdır. Gündəlik təlabat obyektlərinin piyada əlçatanlığında olması və aşağı sürətli yol infrastrukturunun təşkilini özündə ehtiva etməklə, sakinlərin və qonaqların şəhər daxilində hərəkətini asanlaşdıracaq.

Qeyd edək ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında bu sahədə böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu - İsveçrənin "sa_partners" şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb.