Oruclu ikən şəhadətə yüksələn gizir Tofiq...

Oruclu ikən şəhadətə yüksələn gizir Tofiq...

27 fevral Şəhid gizirimiz Tofiq Əmirlinin mübarək mövlud günüdür

Oruclu ikən Şəhadətə yüksələn gizir Tofiqin bu gün 29 yaşı olur

Vətən Müharibəsində Şəhadətə yüksələn qəhrəmanlarımızdan biri də Tofiq Əmirlidir. Tofiq Əmirli 27 fevral 1992-ci ildə Cəlilabad rayonunun Fətullaqışlaq kəndində dünyaya gəlib. O, həmin kənddə ibtidai təhsilini alıb. Daha sonra ailəsi ilə birgə Göytəpə şərhinə köçüb. Burada Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbində təhsilini davam etdirib. Naxçıvanda Sərhəd qoşunlarında hərbi xidmətini yerinə yetirib. Xidmətdə fərqləndiyini görə komandirləri tərəfindən bir neçə dəfə təltif olunub. Onun hədəfi işğal altında olan torpaqları azad olunması olub. Bu səbəbdən də o, hərbiyə yönəlib. Sənədlərini yığaraq Sərhəd Qoşunlarına təqdim edib. Sərhəd Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsində xidmətə başlayıb. Gizir rütbəsi alıb.

Tofiq Əmirli Vətən Müharibəsi başlayan ilk gündən döyüşlərə qatılıb. Döyüşdə ilk hücum istiqamətləri Kəlbəcər olub. Daha sonra isə Cəbrayıl-Zəngilan uğrunda döyüşlərə giriblər. Onların dəstəsi düşmənin ardıcıl 3 eşalonunu yararaq Zəngilanın azad olunması üçün zəmin hazırlayıb.

Azərbaycan Ordusunun giziri Cəbrayıl rayonunun Mirək kəndi və Zəngilan istiqamətində ermənilərin tutduğu mövqeləri alarkən oktyabrın 13-ü səhər saatlarında minaatan mərmisinin yanlarına düşməsi nəticəsində, oruclu halda şəhadət zirvəsinə ucalıb. Tofiqgilin dəstəsi oktyabrın 9-dan 13-nə kimi işğal altında olan torpaqların böyük bir qismini azad ediblər.

Zəngilan istiqamətində gedən döyüşlərdə düşmənin müqavimətini qırıblar. Gecə ikən düşmən postlarına, səngərlərinə girərək 3-5 metrlik məsafədən düşmən əsgərlərini məhv ediblər. Döyüşlərin ilk günlərində hücuma keçərkən arxada snayper mövqeyində olan Tofiq öndə gedən bölmələrinin pusquya salınacağını termal nişangahla əvvəlcədən aşkarlayıb. Dərhal bölməyə təhlükəni xəbər verərək özü snayper atışları ilə əks hücuma keçib. Həmin vaxt bir neçə düşməni məhv edib.

Tofiq döyüş yoldaşlarının yaddaşında tək yaxşı döyüşçü kimi deyil, həm də gözəl insan kimi qalıb. Onların sözlərinə görə, Tofiq 3 gün davam edən ağır döyüşlərdən sonra ac-susuz qalmış yoldaşlarına su gətirmək üçün komandirdən izin istəyərək bildirib ki, keçdikləri ərazidə su görüb. Yoldaşlarının su qablarını götürərək su olan istiqamətə üz alıb. Hansı ki, həmin yollar düşmən mövqeləri tərəfindən açıq-aydın görünüb.

Onu görən ermənilər həmin istiqaməti güllə yağışına tutub. Daha sonra həmin mövqeyi minaatanlardan atəşə tutublar. O anda Tofiqin silahdaşları onun Şəhid olduğunu düşünüblər. Az sonra Tofiqin səsini eşidiblər: "Məni qoruyun, gəlirəm". Onun geri qayıtması üçün yoldaşları qarşı tərəfi susdurmağa çalışıb. Tofiq suyu yoldaşlarına çatdıraraq deyib: "Mən içmişəm, siz için". Əslində isə yoldaşlarından biri bilirdi ki, o, su içməyib. Çünki oruclu olub. Tofiqi tanıyanlar həm də onu bu sözlərini xatırlayır: "Şəhid olmaqdan qorxmuram, qorxum odur ki, anam bu dərdə dözməyə".

Tofiqin anası məhz onun şəhadətindən 12 gün sonra vəfat edib. Ailəni tanıyanlar deyir ki, Tofiqin anası hər dəfə namaz qılanda dua edirmiş ki, "Allahım, mən heç vaxt özümü öldürmərəm, günahdır. Sən məni öldür ki, Tofiqimə qovuşum".

Qeyd edək ki, Tofiq Əmirli Şəhadətindən sonra "Vətənə xidmətinə görə" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.(yeniavaz)