Muxasın qəhrəman oğlu İntiqam Camaləddinov

Muxasın qəhrəman oğlu İntiqam Camaləddinov

5 sentyabr Şəhid İntiqam Camaləddinovun mübarək mövlud günüdür.

Vetenugrunda.az oxucularına Şəhidimizi xatırladacaq:

İntiqam Həsən oğlu Camaləddinov 5 sentyabr 1971-ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olub. 1978-ci ildə Muxas kənd orta məktəbinin I sinfinə gedib, səkkizinci sinfə qədər burada oxuyub, 1985-ci ildə Bakı C.Naxçıvanski adına internat məktəbinə (Cəmşid Naxçıvanski adına hərbi lisey) daxil olub.

1988-ci ildə bu təhsil ocağını bitirərək Çelyabinsk Ali Hərbi Avtomobil Mühəndisləri Məktəbinə (rus. ЧВВАИУ) qəbul olunub, burada təhsilini bitirməyə bir necə ay qalmış Azərbaycan Respublikasında müharibə şəraiti ilə bağlı-xaricdə təhsil alan hərbçilərin vətənə çagırılması ilə əlaqədar Azərbaycana çağırılıb, hərbi təhsilini Bakı Ali Hərbi Birləşmiş Komandanlığı Məktəbində (Azərbaycan Ali Hərbi Məktəbi) bitirib.

O, ilk olaraq təyinatla Güzdək qəsəbəsindəki hərbi hissəyə Avtomobil xidmət rəisi vəzifəsinə təyin olunub. Az bir müddət burada çalışdıqdan sonra Müdafiə Nazirliyinin xətti ilə könüllü surətdə cəbhə bölgəsinə yollanıb.

Qarabağ uğrunda gedən döyüşlərdə - 1992-ci ildən 1994-cü ilə qədər demək olar ki, bütün cəbhə boyu ərazilərdə gedən hərbi əməliyyatlarda (xüsusilə Ağdam, Füzuli, Əskəran, Xocalı, Şuşa, Ağcabədi, Beyləqan bölgələrində) yaxından iştirak edib.

Ardıcıl üç hərbi hissədə - hər birində texnika üzrə Avtomobil xidmət rəisi vəzifəsində çalışmaqla 30 iyul 1992-ci ildən 29 mart 1993-cü ilədək hərbi hissədə xidmətdə olub.

1994-cü il aprel ayınin 25-də Tərtər rayonunun Qapanlı kəndi istiqamətində gedən döyüşdə ağır yaralanaraq 30 apreldə Şəhid olub.

Şəhidimiz İntiqam Camaləddinov doğulduğu Oğuz rayonunun Muxas kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasında göstərdiyi igidliyə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ailəli olub. Bir övladı canından çox sevdiyi Vətəninə əmanət qaldı. Ruhu şad olsun!