Başlıbel faciəsində öldürülənlərin kimliyi araşdırılır-Erməni vəhşiliyi

Ermənilərin Başlıbeldə öldürdükləri şəxslərin yaxınlarından DNT analizi götürülüb 

1993-cü ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndində qətlə yetirilən şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün meyit qalıqlarından və dəfn edilən şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən DNT-nin (dezoksiribonuklerin turşusu) təyini məqsədilə nümunlər götürülərək molekulyar-genetik və digər xüsusatların araşdırlması üçün tibbi-kriminalistik ekspertizalar təyin edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda hadisənin sağ qalan şahidlərinin müəyyən edilməsi, onların dindirilməsi və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi istiqamətində digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

YADDAŞ

1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməmiş və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar.

Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Başlıbelin bir qrup sakini 28 ildən sonra azadlığa qovuşan həmin kəndə gəlib və orada yaşananları yenidən xatırlayıblar.

Kahalarda insan ayaqqabıları, yorğan-döşək, çaydan, qazan və başqa lazımlı əşyalarının qalıqları tarixin bu qanlı səhifəsinə şahidlik edib.

Sağ qalanlar öldürülənləri gecə ilə yorğanlara bükərək gizli dəfn etmişdilər. Həmin məzarlıqda 28 ildən sonra dualar oxunub, vəfat edənlərə Allahdan rəhmət dilənilib.