"Bu xalq ya üzündəki düşmən tüpürcəyini silib ona şillə vurmalı, ya da..."
Featured

14 Oktyabr 2019

"Rusiyanın Paşinyana üzdə göstərdiyi siyasət ən parlaq ikiüzlülükdür və nə yazıq ki..."

Siyasət ikiüzlülükdür, yoxsa ikiüzlülük siyasətdir?

Siyasətin nəinki ikiüzlü, hətta çoxüzlü olduğunu siyasilər yox, orta statistik Azərbaycan vətəndaşları, yəni siyasətdən qaçan, hətta qorxan, ağrımaz başına buz bağlamağı məsləhət görməyən hörmətli azərbaycanlılar da təsdiq edə bilər. Düzdür, biz dünyanın gedişatında baş verənləri seyr edənlərik, bizim siyasətimiz Abşeron yarımadası çərçivəsində, qurudan və dənizdən çıxarılan neftin haqq-hesabından o yana getməz, getsə də yenə qayıdıb quyunun başına gələr və nə qiybət (siyasət yox) varsa bu quyuların başında fırlanar. BP bir tərəfdən, özümüz o biri tərəfdən.

Müstəqil olmazdan əvvəl də, indi də siyasət quyu başında müzakirə olunur. Sadəcə olaraq bu siyasəti aran rayonlarında artezian quyularının, dağlarda bulaqların başında arvad-uşaq yapar və ən çox sevilən ifadələrdən biri bu olardı: "aaz, filankəs Çörçil kimi bir adamdı, hara desən fırladacaq". Çörçilin nəhəng siyasətçi olduğunu internetin, televiziyanın, radionun inkişaf etmədiyi vaxtlarda artezian və bulaq başında arvadlar danışardı, amma, ən azı arvadlar da bilirdi ki, siyasət daha çox, fırlatmaqdan ibarətdir və necə ki, bizi ikizülü siyasətlə fırladırlar.

Siyasətçilərin ikiüzlülüyü adətən xalqın başında partlayır. Bu siyasəti istər bir ölkə daxilində hakimiyyət uğrunda mübarizə aparan partiyalar aparsın, istərsə də, dövlətlərarası siyasət aparanlar olsun. Yəni, bu işin də iki başı var. Bu partlayış bir xalqın başında sevinc şarları kimi, o birinin başında bomba kimi partlaya bilir.

30 ildir ki, Qarabağla əlaqədar bütün ranqlarda aparılan siyasət Azərbaycan xalqının başı üzərində bomba kimi partlayıb. O siyasətin əsas müəllifləri xaricdən olsa da, xalqın iştirak etmədiyi, daha doğrusu rol verilmədiyi daxili siyasətdə də, pantomim teatrında olduğu kimi sevinc şarlarının özünü də, partıltısını da xalq eşitmədən, görmədən "nouhau" kimi təsəvvür edib və.. teatr davam edir. O sevinc şarının adı Qarabağın işğaldan azad olunması olardı ki, bu illərdə gəlmiş-getmiş Azərbaycan siyasilərinin heç biri Azərbaycan xalqının başı üzərində bu sevinc şarlarını partlada bilməmişdir.

Amma, elə bilməyin ki, bu sevinc şarı partlamadığından bizim xalq sevinməyi yadırğayıb. Əksinə. Açın Azərbaycan televiziyalarını - dünyanın heç bir xalqı bu qədər sevincli görsənə bilməz, gülməkdən partlamaq dərəcəsinə çatmaz. Arada göz yaşları varsa, bu yalnız Xantı-Mansi vilayətində nə vaxtsa neft çıxarmış bir azərbaycanlının rus qadınlarından olan uşaqlarının neçə illərdən sonra atalarını tapanda xalqın sevinc göz yaşlarına boğulması olub. Azərbaycan başdan – başa tragikomediyadır (Son cümlədən sonra hansı durğu işarəsinin qoyulmasını sizin ixtiyarınıza verirəm)

Bir tərəfdə düşmənin işğal etdiyi Qarabağ və dünyanın ikiüzlülük edərək bunu xalqların öz müqəddaratını təyin etmək prinsipi kimi qəbul etməsi dayanırsa, digər tərəfdən 150 minlik erməniyə qurban verilən, keçmişini, bu gününü itirmiş, gələcəyi böyük suallar altında olan, ilan mələyən çöllərdə 2025-ci ilədək içində "kuxna mebeli" olan mənzillərlə təmin ediləcək 700 000 (yeddi yüz min - sözlə də qeyd etməyə məcburam) qarabağlının faciəsi dayanır. Və bu yalnız ən çox səsini qaldırmalı olan həmin yeddi yüz min məcburi köçkün qarabağlının deyil, bütün 10 milyon bir nəfər (son siyahıyaalmada məni saymadıqları üçün o bir nəfər özümü bilirəm) Azərbaycan vətəndaşlarının faciəsidir, millətin tarixinə vurulmuş şərəfsizlik damğasıdır.

Nitseşenin dediyi kimi bu cür son zəncir kimi min illərlə bu millətin gələcək nəsillərinin ayağında olacaq, xalq ondan qaçmaq istəyəcək, unutmaq istəyəcək, amma zəncir onunla birgə qaçacaq, daim onu müşayət edəcək. Bu millət üçün kim hazırlayır bu zəncirli taleyi? Bu gün danılsa da, tarix danmaycaq.

Rusiyanın Paşinyana üzdə göstərdiyi siyasət ən parlaq ikiüzlülükdür və nə yazıq ki, bizim sadəlövh camaatımız da bilərəkdən onu çıxış yolu kimi dəyərləndirən çoxüzlü adamların sözünə aldanır və Pandora ümidi ilə yaşayırlar. Aşqabaddan sonra "Paşinyanın torbası tikildi" düşünənlərin nəzərinə: Paşinyan Aşqabaddan qayıdan kimi Putinə zəng vurub və xahiş edib ki, Ərdoğana tapşırsın ki, Suriyada ermənilərin məskunlaşdığı yerlərə atəş açılmasın, onların təhlükəsizliyi təmin edilsin.

Putin sadəcə razılıq vermir - Ərdoğanla danışır və nəticəni də Paşinyana məruzə edir. Paşinyanı başından atmaq istəyən bu hərəkəti etməzdi. Putin burada əsl sifətini göstərir, Zatuilini Qarabağa göndərib, "rus xalqı sizin (ermənilərin) vicdanınlza və ədalətinizə inanır" dedirdəndə də öz sifətini, öz siyasətini göstərir.

Bizə gələndə isə "tərəflər sülh yolu ilə münaqişəni həll etməlidir"- deyib ikiüzlü siyasətini nümayiş etdirir. Həm də, yalnız Putin deyil, bu işin vasitəçi dövlətləri olan Fransa, ABŞ-da belə deyir. Və 26 ildir bu ikiüzlü siyasəti, çoxüzlü təbliğatçılar vasitəsi ilə bizə həzm etdirirlər.

Rusiya ilə özümüzü qorxutmamız da ikiüzlülükdən yaranır. Biz Rusiyaya heç vaxt rəsmən deməmişik ki, Qarabağı sən işğal edib, Ermənistana vermisən. Bu, bir sifətlilik olardı. Gürcüstan, Ukrayna dediyi kimi.

Biz rəsmən heç vaxt demədik ki, işğal Rusiyanın işidir. Bunu rəsmən elan etmədinizsə, nədən bütün milləti Rusiya ilə qorxudursunuz? "Müharibə olsa Kürə qədər gələcəklər, yerdə qalan Qarabağ da gedəcək, Yalamadan girəcəklər, orda 40 min qoşun dayanıb"- deyərək, nəinki sıravi vətəndaşları inandırmağa çalışır, az qala hər gün qəzetdən, bədnam, üzdəniraq, əqidəsini dəyişib ikiüzlülük göstərən siyasilərin dilindən xalqın şüuruna yeridirsiz. Axı, guya regionda müstəqil siyasət yürüdürük və buna görə bizi gözü götürməyənlər, qısqananlar var.

Nəyimizi qısqanırlar? 20 faiz torpağı işğal altında olan ölkəyə kim həsəd aparar? Bu nə ikiüzlülükdür? Amma, desən ki, bu işğala rəhbərlik edən Rusiyadır, o zaman dünya Gürcüstanın, Ukraynanın yanında olan kimi sənin də yanında olacaq. Belədə isə, yalnız ikiüzlülük edib öz xalqını aldatmaqla məşğul olmuş kimi görsənirik. Bu qənaətə ona görə gəlirik ki, Rusiya tərəfimizdədirsə, nəticəsini Qarabağda niyə görmürük?

İş qalıb bizim öz üzümüzə. Bu xalq ya üzündəki düşmən tüpürcəyini silib ona şillə vurmalı, ya da... Yox, bu işin “ya”sı yoxdur!!!

İlham İsmayıl

Картинки по запросу İLHAM İSMAYIL

Top
JoomlaLock.com All4Share.net