"Xalq Cəbhəsi-Müsavat cütlüyü insanları incidir, oğurlayır, işgəncə verir, jurnalistləri döyürdülər"

26 Noyabr 2019

"Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır".

Bu gün Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş yubiley tədbirində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

"O vaxt Sovet İttifaqının saxlanılmasına dair referendum keçirilmişdi və Azərbaycan üzrə referendumun nəticələri saxtalaşdırılmışdı, guya Sovet İttifaqının saxlanılmasına səs verilmişdi. Halbuki bu, belə deyildi.

Naxçıvanda isə referendum keçirilmədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarıldı. Bu da müstəqilliyə aparan yol idi. Yeni Azərbaycan Partiyası təsis edildi, bununla da Azərbaycanda siyasi sistemi formalaşdı. Çünki Yeni Azərbaycan Partiyası yaranana qədər Azərbaycanda siyasi sistem yox idi. Ayrı-ayrı silahlı dəstələr öz adlarını partiya qoymuşdular, bir-biri ilə mübarizə aparırdılar, torpaqlar isə işğal altına düşürdü.

Əgər Heydər Əliyev müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyətdə olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi. Azərbaycanın Heydər Əliyevə qədər bütün rəhbərləri fərarilik edib, xalqı və ölkəni ağır vəziyyətdə tərk edib, qaçmışdılar. İkisi Moskvaya, biri Kələkiyə qaçmışdı.

Bu, fərarilik, satqınlıqdır, xəyanətdir. Liderin vəzifəsi dövləti qorumaq, xalqla bir yerdə olmaqdır. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır. Heydər Əliyev hər birimiz üçün nümunədir. Burada əyləşən gənclər bunları bilməlidir.

Mən dəfələrlə bunu demişəm, biz - bu tarixi yaşayan insanlar heç vaxt bunu unutmayacağıq, bugünkü uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik.

Gənclərə elə gəlir ki, həmişə belə olub. Onlara elə gəlir ki, Azərbaycan həmişə çiçəklənən, firavan dövlət olub. Elə deyil. O günləri biz yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə çörək növbəsində saatlarla on minlərlə insan dayanırdı.

Əli silahlı quldurlar şəhərlərimizdə meydan oxuyurdular. İnsanları incidir, oğurlayır, işgəncə verir, jurnalistləri döyürdülər. Məhz Xalq Cəbhəsi-Müsavat hakimiyyəti, özünü demokrat adlandıran ünsürlər Azərbaycanda senzura tətbiq etmişdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra senzuranı ləğv etdi. Bu tarixi gənclər bilməli və müəllimlər tarixi tələbələrə çatdırmalıdırlar. Tələbələr həm həqiqəti bilsinlər, həm də bundan sonra heç vaxt Azərbaycan gələcəkdə ağır vəziyyətə düşməsin. Azərbaycan heç vaxt başqasının iradəsindən asılı olmasın, başqa dövlətlər qarşısında baş əyməsin.

AXC-Müsavat cütlüyü dövründə Prezidentin qapısını xarici səfirlər ayaqlarla açırdılar, göstərişlər verirdilər. O da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi.

Mən tam səmimiyyətlə deyirəm. Bizim ən ağır günlərimizdə xəzinə boş idi, Xalq Cəbhəsi-Müsavat cütlüyü talamışdı, Ləl-Cəvahirat Fondunu talamışdılar. İnsanlar ən ağır günlərdə qızıl əşyalarını aparırdılar ki, ordumuza kömək etsinlər. O vaxt Prezident, dövlət katibi, Baş Nazir o Ləl-Cəvahirat Fondunu talan etmişdilər, izi-tozu da qalmamışdı. O vaxt xəzinə boş olanda, biz kreditlər üçün müraciət edəndə heç kəs bizə kredit vermirdi.

Əgər siz Azərbaycanı bu qədər sevirdinizsə, nə üçün o vaxt bizə kömək etmirdiniz? Nə üçün ağır vəziyyətdə olan ölkəyə kömək etmirdiniz? İndi bizə kredit vermək istəyənlər sıra ilə düzülüb, biz almaq istəmirik. Biz özümüz kredit veririk. Bizim xarici dövlət borcumuz ümumdaxili məhsulun 17 faizini təşkil edir, bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik.

Biz istənilən məbləğdə, məsələn, sabah 10 milyard dollar lazım olsa, alarıq. Almırıq, qoymuram, borcu yenə də azaldıram. Ona görə kimsə də deyəndə ki, biz Azərbaycanın yaxşılığını istəyirik, inanmayın, gənclər də inanmasın. Bizdən çox bizi istəyən heç vaxt olmayıb".

Top
JoomlaLock.com All4Share.net