Gəncə məhbusu zindandan yazır: Nardaran hadisəsi qəlbimizdə ağır yara kimi qalacaq...

26 Noyabr 2019

Gəncə məhbusu Elvin Nəzərov zindandan yazır: "Əgər həyatınız müsibətsiz keçsə..."

Gəncə məhbusu Elvin Nəzərov Nardaran olaylarının 4-cü ildönümünü yad edib. Onun vetenugrunda.az-a ünvanladığı məktubu oxuculara təqdim edirik:

"Yusifi Mədrəsədən Allahın salamı olsun müsəlman bacı qardaşlarıma.

Ümidvaram ki, bu çətin günlər ruhiyyənizə mənfi təsir qoyaraq, Haqq yolunda atılan addımlarınızda zəiflik yaratmamışdır.

İmam Sadiq (ə) buyurur: Bir gün Allah Rəsulundan soruşurlar ki, bu dünyada ən çox bəlalara mübtəla olanlar kimlərdir? O, buyurur: Bu dünyada ən çox bəlalara mübtəla olanlar peyğəmbələrdir. Bundan sonra isə onların bənzərləridir. Daha sonra isə mömin, sahib olduğu imana və saleh əməyi sayəsində bəlaya mübtəla olar. Bu səbəbdən kimin imanı xalis və saleh olsa bəlsaı da çox olar. Hər kimin imanı naqis və əməli zəif olsa bəlası da azalar.

Kafir olanlar onlara verdiyimiz fürsəti özləri üçün xeyir hesab etməsinlər. Həqiqətən onlara günahlarını artırmaq üçün möhlət vermişik. Onlar üçün rəziledici əzab vardır. (Ali-İmran 178).

Mənsumlar buyurur: Əgər həyatınız tamamilə çətinliksiz və müsibətsiz keçsə, o zaman bilərik ki, siz biz Əhli-Beytdən deyilsiz.

İmam Sadiq (ə) İmam Səccaddan belə nəql edir: Mən dünyada asayişdə yaşayan və heç zaman müsibətə düçar olmayan adamı bəyənmirəm.

Bütün bunları qeyd etməkdə məqsədim qanlı Nardaran olaylarının 4-cü ildönümüdür. 4 nəfər Haqq aşiqinin Şəhid olması, onlarla hüseynçinin ağır işgəncələrə və zindan həyatına məhkum edilməsi ilə yaddqalan Nardaran hadisəsi Qiyamətə kimi qəlbimizdə ağır yara kimi qalacaq.

Xanım Zəhra (s.ə) buyurub: Mən məni sevən hər kəsin anasıyam. Bu səbəbdən başda anamız Zəhra olmaqla Nardaran Şəhidlərinin bütün yaxınlarına Allahdan sonsuz səbr və əcr diləyirəm.

Din, vətən, xalq yolunda Şəhadətə çatmış bütün Şəhidlərə Allahdan rəhmət diləyirəm.

Allah yolunda öldürülənləri heç vaxt ölü saymayın. Əksinə, onlar diridirlər və Allahın yanında ruzi yeyırlər (Ali İmran- 169).

Allahın peyğəmbəri buyurur: Şəhiddən başqa heç kim ölümündən sonra Allahın yanında xeyr nemətlərdən bəhrələnən və eyni zamanda bütün dünyanı ona bağışlasalar da yenidən dünyaya qayıtmaq istəməz. Çünki o, Şəhadətin fəzilətini bildiyinə görə dünyada öldürülmək üçün dünyaya qayıtmasını arzulayar.

İmam Əli (ə) bildiri: Siz öldürülməsəniz də öləcəksiniz. And olsun Əlinin canı, onun qüdrət əlində olana ki, başa min qılınc zərbəsinin endirilməsi yataqda ölməkdən də asandır.

Əzizlərim, Quran və Əhli-Beytdən möhkəm yapışın. Qurtuluş bu iki əmanətdədir. Düzdür, Haqqın yanında olmaq çətin və məşəqqətlidir. Ölüm və zindan var bu yolda. Amma Qiyamət və Axirətdə veriləcək əvəzin müqabilində ən şiddətli zülm belə baldan şirindir.

Bir gün Əli (ə) görə qulamı Qəmbərə bir şillə vururlar. Əli (ə) 3 gün durmadan ağlayır. İmama deyirlər ki, niyə ağlayırsan? Deyir ki, necə ağlamayım, mənə görə Qəmbərə şillə vurdular. İndi görün, bir şilləyə görə 3 gün ağlayan Şiri-Xuda Əli (ə) ona görə Şəhid olana və şiddətli işgəncələrə məruz qalanlara necə can yandırar....

Birdə ki aşiq gərək məşuquna oxşasın. Biz iddia edirik ki, Hüseyinçiyik. Heç rəvadırmı ki, İmamı Haqqın yolunda tikə-tikə doğrana, Əli Əsgəri qundağında oxlana, Əbəlfəzinin qolları, qələm gözləri oxlana, Xanım Zeynəbi qolları bağlı, səhrada qamçı altında dolana, körpə Rüqqəyəsi, sussuz qalıb səhrada "ata vay" naləsi ilə dolana ama Hüseynçi ömrü boyu xoş və firavan həyat sürə.

Xanım Zeynəb Haqqın yolunda Kərbəladan Şama qədər isti səhrada ayağıyalın getdi.

İlahi, görəsən biz nə qədər Hüseynçiyik?

Allah bizləri həqiqi Hüseynçilərdən qərar versin. Amin!

İltimasi-dua edin. Allaha əmanət olun!

Elvin Nəzərov

2019-11-25.

2 saylı Cəzaçəkmə Müəssisəsi".

YADDAŞ

Xatırladaq ki, Elvin Nəzərovun da daxil olunduğu 6 nəfərlik qrupa 2019-cu ilin 1 mart tarixində Sabunçu Rayon Məhkəməsində hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmədə

Allahverdiyev Elvin Nəriman oğlu 7 il

Nəzərov Elvin Novruz oğlu 7 il

Məmmədov Renat Miri oğlu 6 il

Xudiyev Vüqar Mənsur oğlu 7 il

Rüstəmov Elman İlham oğlu 8 il

Heydərli Nemət Hikmət oğlu 8 il müddətinə azadlıqdan məhrum edilib.

Yuxarıda adları çəkilən məhkumların hamısı eyni maddə ilə (220.1 -vətənə xəyanət) ittiham edilir. Lakin Rüstəmov Elman İlham oğlu və Heydərli Nemət Hikmət oğlu eyni zamanda polisə müqavimətdə (315.2) təqsirləndirlib.

Adları çəkilən şəxslərə CM-in 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiqi) maddələri ilə ittiham olunurlar. Onlar Gəncədə 2018-ci ilin iyul ayının 3-də icra başçısının güllələnməsindən sonra iyulun 10-da keçirilən aksiyanın təşkilində, orada polislərə xəsarət yetirməkdə suçlanıb.

Avqustun 29-da Bakı Apellyasiya Məhkəməsinində keçirilən sonuncu prosesdə hakimin qərarıyla həm ittiham maddələri dəyişib, həm də cəzalar azaldılıb – E.Allahverdiyev, E.Nəzərov, V.Xudiyev və R.Məmmədova 220-ci maddə ilə verilən ittiham 29.220.1 (kütləvi iğtişaşda iştiraka cəhd) maddəsinə tövsif olunub. E.Allahverdiyevin cəzası 4 ilə, V.Xudiyevin cəzası 3 ilə, E.Nəzərov və R.Məmmədovun hər birinin cəzası isə 2 il 6 aya endirilib.

Elvin Nəzərov və onunla birlikdə məhkəməyə çıxarılan bütün qrup üzvləri siyasi məhbus elan edilib.

Top
JoomlaLock.com All4Share.net