"Səid Dadaşbəyli işi" ilə başlayan ssenari davam etməkdədir
Featured

01 Oktyabr 2019

12 il öncə baş verən "Səid Dadaşbəyli işi" olayı bu günlərdə yaşadığımız "Nardaran işi", "Gəncə işi", "Tərtər işi"nin başlanğıcı idi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, 13-18 yanvar 2007-ci ildə "Səid Dadaşbəyli işi" üzrə təxminən 30 nəfər həbs edilib və tutulanlar "NİMA" (Mehdi Seyid əz-Zamanın Şimal Ordusu) adlı radikal dini qruplaşma yaradaraq İranın xüsusi xidmət orqanlarına casusluq etməklə dövlət əleyhinə cinayətlərin törədilməsində ittiham olunublar. Bu ittihamları isə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əslində öncədən hazırlanmış ssenarisi idi. Sonralar o dövrdə bu qruma başçılıq etmiş Eldar Mahmudovun özü də vətənə xəyanətdə ittiham edildi və işindən çıxarıldı. Eldar Mahmudovun dalınca nazirlik də ləğv edildi. Ən dəhşətlisi odur ki, nazirlik ləğv edilsə də, vətənə xəyanətdə ittiham edilənlər özləri vətənə xəyanətdə ittiham edilsələr də eyni ssenari bu gün də davam edir. Eyni ssenari bu gün də Azərbaycanda ən yaxşı insanlarımıza təkcə mənəvi ləkə vurmaqla kifayətlənmir, ağlasığmaz fiziki işgəncələrlə həyatını məhv edir. Bu işgəncələrə dözməyib ölənlərin isə sayı 100-ə yaxındır.  

"Səid Dadaşbəyli işi"ndə həbs edilənlərin bir müddət sonra bəziləri Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan 11 nəfərin əleyhinə izahat vermək şərti ilə azadlığa buraxılıblar. Həbslərin ilkin mərhələsindən başlayaraq ciddi qanun pozuntusuna yol verilib. İttiham olunanların mənzillərində axtarış aparılması barədə məhkəmə qərarları olmadan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları güc tətbiq edərək evlərə giriblər. Həbs edilənlərin valideynləri və qohumlarının etirazlarına baxmayaraq, MTN əməkdaşları nümayişkaranə şəkildə həbsi əsaslandırmaq üçün silah və lazım olan başqa "maddi sübut"ları mənzillərə qoyublar. Bu hərəkətlər cinayət-prosessual qanunvericiliyin kobud şəkildə pozuntusudur. Bununla yanaşı, həbsin ilk günlərində saxlanılanlara vəkilləri ilə əlaqə yaratmaq imkanı verilməyib.

Həbs edilənlər istintaq zamanı məhkəməyə qədər – 13 yanvar 2007-ci ildən 11 dekabr 2007-ci ilədək MTN-nin təcridxanasında təkadamlıq kameralarda saxlanılıblar. Onlar davamlı olaraq döyülüb, yatmaqdan, yeməkdən və sudan məhrum ediliblər. Eyni zamanda həbs edilənlərə psixotrop maddələr verilib. Onları istintaqa gərək olan etiraf izahatları verməyəcəkləri təqdirdə azadlıqda olan qohumlarına işgəncə veriləcəyi ilə hədələyiblər.

Vəhşicəsinə edilən işgəncə zamanı Emin Məmmədov adlı məhbus 2007-ci ilin mart ayında ölüb. E.Məmmədovun ölümünün səbəbləri barədə tibbi arayış var. Ancaq E.Məmmədovun ölümü bir neçə ay ərzində valideynlərindən və ictimaiyyətdən gizlədilib. Onun ailəsi E.Məmmədovun ölümü ilə bağlı hüquq müdafiəçilərinə müraciət edəcəkləri, ictimaiyyət qarşısında öldürülmüş şəxsin taleyi ilə bağlı məsələ qaldıracaqları halda yeni repressiyalarla üzləşəcəkləri ilə hədələnib.

Vəkilin məhbus E.Məmmədovun saxlandığı yer barədə sorğusuna cavab verən MTN bildirilib ki, bu adam haqqında heç bir məlumatları yoxdur və E.Məmmədov MTN-də heç bir zaman olmayıb. MTN təcridxanasında işgəncələrə məruz qalaraq həyatını itirən E.Məmmədov məhkəmə prosesləri zamanı da xatırlanmayıb. E.Məmmədov məhkəmə və ictimaiyyət üçün izsiz yoxa çıxıb.

Məhkəmə prosesləri qapalı keçirilib və həbs edilənlərin ailə üzvləri proseslərə buraxılmayıb. CPM-in 200-cü maddəsinə əsasən dövlət sirlərinin yayılmasının qarşısını almaq məqsədilə məhkəmə prosesləri qapalı keçirilə bilər. Lakin cinayət işində dövlət sirri barədə hər hansı qeyd yoxdur və CPM-in 200-cü maddəsinə istinad edilərək məhkəmə proseslərinin qapalı keçirilməsi əsaslandırılmayıb. Bu cinayət işi üzrə məhkəmə proseslərinin qapalı keçirilməsi qanuna zidd idi.

Məhkəmə prosesi zamanı ittiham edilənlər onlara qarşı irəli sürülən ittihamları qəbul etməyib. Eyni zamanda, həbs müddətində işgəncələrə və başqa qanunazidd hərəkətlərə məruz qaldıqlarını bildiriblər. Məhkəmə prosesi zamanı məlum olub ki, terror təşkilatı yaratmaqda günahlandırılanların əksəriyyəti həbsə qədər bir-birlərini tanımayıblar. Həmçinin, irəli sürülən ittihamların heç biri məhkəmə araşdırması zamanı sübuta yetirilməyib və proses ittiham tərəfinin istəyinə uyğun şəkildə yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən Ənvər Seyidov) 10 dekabr 2007-ci il tarixli hökmü ilə Səid Dadaşbəyli 14 il, Rəşad Əliyev 14 il, Ceyhun Əliyev 14 il, Fərid Ağayev 13 il, Samir Qocayev 13 il, Bəybala Quliyev 13 il, Cahangir Kərimov 13 il, Rasim Kərimov 13 il, Emil Möhbalıyev 12 il, Mikayıl İdrisov 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi 25 fevral 2008-ci ildə, Ali Məhkəmə isə 2008-ci ilin payızında hökmü qüvvədə saxlayıb.

Xatırladaq ki, "Səid Dadaşbəyli işi" üzrə tutulanlardan iki nəfər Mikayıl Qərib oğlu İdrisov və Emil Nurəddin oğlu Möhbalıyev həbs müddətləri bitdiyi üçün 2019-cu ilin 16 mart tarixində azadlığa çıxıblar.

Qrupun digər 4 üzvü Rəşad Əliyev, Rasim Kərimov, Samir Qocayev, Fərid Ağayev, Bəybala Quliyev isə ölkə başçısının 2019-cu il mart ayında imzaladığı əfv sərancamı ilə azad ediliblər. 

Top
JoomlaLock.com All4Share.net